Cüdo

DÇ-nin son günündə cüdo millimizdən daha 2 medal

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı başa çatıb.

Dsport.az xəbər verir ki, mundialın sonuncu - 6-cı yarış günündə Azərbaycan millisinin daha 4 idmançısı tatamiyə çıxıb.
 
Kişilər arasında 100 kq çəkidə iki idmançımız mübarizə aparıb. Təcrübəli Elxan Məmmədov yarışa 1/16 finaldan start verib. O, ilk görüşündə Kanada təmsilçisi Kayl Reyeslə üz-üzə gəlib. Bu rəqibini çətinlik çəkmədən məğlub edən Elxan 1/8-də ukraynalı Anton Savitskiyə də eyni aqibəti yaşadıb. 1/4 finaldakı rəqib isə rusiyalı Kazbek Zankişiyev olub. Bu dəfə də yenilməz olan Elxan adını yarımfinala yazıdırıb. Finalın bir addımlığında gürcü Varlam Lipartelianiyə uduzan Məmmədov bürünc medal uğrunda yarışmalı olub.

Elmar Qasımov da mundiala 1/16 finaldan başlayıb. Öncə monqolustanlı Otqonbaatar Lxaqvasureni yolundan kənarlaşdıran cüdoçumuz 1/8 finalda Portuqaliya idmançısı Jorje Fonsekadan üstün olub. 1/4 finaldakı yaponiyalı Aaron Volf görüş isə uğursuz alınıb. Qasımov təsəlliverici görüşlərdə ilk olaraq belçikalı Toma Nikoforovla qarşılaşıb. Bu rəqibinə qalib gələn Elmar “bürünc” üçün komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb. Görüşü qələbə ilə başa vuran Qasımov mundialı üçüncü pillədə tamamlayıb.

Ən ağır çəkidə (+100 kq) ölkəmizi təmsil edən Uşanqi Kokouri ilk görüşündəcə braziliyalı Rafael Silvaya uduzaraq dünya çempionatı ilə erkən vidalaşıb.

Qadınların mübarizəsində isə +78 kq çəkidəki təmsilçimiz İrina Kindzerskaya Essohanam Koro ilə üz-üzə gəlib. Afrikalı idmançını yolundan kənarlaşdıran İrina 1/8 finalda litvalı Santa Pakentyeni də məğlub edib. Bosniya və herseqovinalı Larisa Seriç də idmançımız qarşısında aciz qalıb. Lakin yarımfinalda məğlub olan Kindzerskaya çinli Sonq Yudan zəif olub. Təmsilçimiz “bürünc” uğrunda hollandiyalı Tisse Savelkulsla qarşılaşıb. Rəqibinə qalib gələn İrina mundialı bürünc medalla başa vurub.

Qeyd edək ki, mundialın geridə qalan günlərində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal qazanıblar. Beləliklə, cüdo yığmamız DÇ-2017-ni 4 medalla başa vurub.