Boks-MMA

Fariz Məmmədov Avropa çempionuna qarşı

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib. Boksçumuz dekabrın 13-də növbəti reytinq döyüşünə çıxacaq. Onun rəqibi Belarus təmsilçisi Xavadji Xatsiqov olacaq. Bu döyüş Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. 8 raundluq qarşılaşma reytinq xarakteri daşıyacaq.

Çeçenistan Respublikasından olan idmançı 1999-cu ilədək Rusiyanın şərəfini qoruyub. Yığmanın tərkibinə düşmək uğrunda rəqabətin böyük olması üzündən Xatsiqov Qroznıdan Belarusa köçməyə qərar verib. Həvəskar rinqdə bir sıra uğurlar qazanan boksçu 2004 və 2008-ci illərdə Olimpiya Oyunlarının iştirakçısı olub. 

54 kq çəki dərəcəsində çıxış edən idmançının ən böyük nailiyyəti isə 2002-ci ilə təsadüf edib. Həmin vaxt Belarusu təmsil edən Xatsiqov qitə çempionu titulunu qazanıb. 2004 və 2006-cı illərdə də bu yarışa qatılan çeçen boksçu ilk döyüşlərdə mübarizəni dayandırıb.