Boks-MMA

Heydər Məmmədəliyev Azərbaycan MMA Federasiyasında vitse-prezident oldu

MMA (FİLA) və pankration üzrə dünya və Avropa çempionu Heydər Məmmədəliyev Azərbaycan MMA Federasiyasına vitse-prezident təyin olunub. 

Dsport.az xəbər verir ki, Azərbaycan MMA Federasiyasının yaydığı məlumatı təsdiqləyən vitse-prezident göstərilən etimada görə təşəkkür edib: 

"İlk olaraq Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənova təşəkkür edirəm. İdmançı kimi uğurlar qazanmışam. İndi göstərilən yüksək etimadı doğrultmalıyam. Vitse-prezident kimi federasiyamızın, eləcə də milli komandalarımızın inkişafı üçün əlimdən gələni edəcəm. Hazırda iki güclü təşkilat İMMAF-WMMAA birgə fəaliyyət göstərirlər. Sevindirici haldır ki, beynəlxalq təşkilat kimi onlar ölkəmizdə yalnız Azərbaycan MMA Federasiyasını tanıyır. 

Hazırda Azərbaycan millisi Bəhreyndə keçirilən dünya çempionatında iştirak edir. Komandamız yarışa yüksək səviyyədə hazırlaşıb. Ona görə idmançılarımızın uğurlu çıxış edəcəyini gözləyirik. Federasiya rəhbəri kimi beynəlxalq təşkilatlarla işimizi daha da yaxşılaşdıracayıq. MMA ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoyacaq". 

Qeyd edək ki, Azərbaycan MMA Federasiyasının digər vitse-prezidenti dünya və Avropa çempionu Etiqad Atakişiyevdir.