Boks-MMA

3 boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürüb. Dsport.az xəbər verir ki, 24 ölkənin qatıldığı yarışda Azərbaycan millisi də mübarizə aparır.

Turnirin ilk günündə təmsilçilərimizdən 6-sı rinqə çıxıb. Vaqif Kazımovun rəhbərlik etdiyi yığmamızın heyətində Əli Zamanov (48 kq), Əzrak Bəbirov (54 kq) və Elmir Novruzov (63 kq) ilk qarşılaşmalarını qələbə ilə başa vurublar. Onlar müvafiq olaraq, Maor Rusanov (İsrail), Eldari Qoqiaşvili (Gürcüstan) və Erik Suçini (Çexiya) mübarizədən kənarlaşdırıblar. Hər 3 boksçumuz 3:2 hesabı ilə qalib gəlib.

Zamanov yarımfinalda hindistanlı Bişvamitra Çinqhtamla gücünü yoxlayacaq. 1/4 final çərçivəsində isə Bəbirov Armat Armanulini, Novruzov Nurzan Amengeljdini (hər ikisi Qazaxıstan) sınağa çəkəcək.

Digər boksçularımızdan Eldar Babayev (60 kq) Giorgi Qeqetcxoriyə (Gürcüstan), Mehman Quliyev (70 kq) İlya Kisilevə (Qazaxıstan) və Əhməd Əhmədov (+80 kq) Adriyan Azemiyə (Makedoniya) məğlub olub.

Qeyd edək ki, millimiz səfərə 8 boksçu ilə yollanıb. Həmyerlilərimizdən Ruslan Qədirov (46 kq) 1/4 finalda Omer Ahmetoviçlə (Serbiya), Murad Allahverdiyev (80 kq) 1/2 finalda Peter Fija (Slovakiya) ilə döyüşəcək. Yarışa avqustun 19-da yekun vurulacaq.