Boks-MMA

Serbiyadan 8 medalla

Serbiyanın Vryaçka Banya şəhərində sayca 57-ci dəfə keçirilən “Golden Glove” beynəlxalq boks turnirinə yekun vurulub

Serbiyanın Vryaçka Banya şəhərində sayca 57-ci dəfə keçirilən “Golden Glove” beynəlxalq boks turnirinə yekun vurulub. Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan yığması yarışda 9 boksçu ilə təmsil olunub.

Turnirdə 10 ölkənin 54 idmançısı mübarizə aparıb. Yığmamız Serbiyada 3 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olub. Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) finalda Ukrayna nümayəndəsi İvan İyuxta üzərində qələbə qazanaraq, 1-ci yerə layiq görülüb.

Superağır çəki dərəcəsində çıxış edən Kamran Mehdiyev serbiyalı Milutin Stankoviçi məğlub edib. Valeh Ramazanov isə (64 kq) finalda rusiyalı Eduard Xusainovdan üstün olub – 2:1. Rüfət Hüseynov (49 kq) həlledici görüşdə rusiyalı Bator Saqaluyevə, Elnur Şəfiyev (52 kq) rusiyalı Vyaçeslav Taşkarakova, Elvin Qəmbərov(81 kq) isə Rusiyanın digər təmsilçisi Pavel Salıginə uduzub. Fərid Ağamoğlanov (56 kq) və Roman Zakirov (69 kq) 3-cü yerlə kifayətləniblər.