Boks-MMA

Dünya çempionatından 1 gümüş, 1 bürünc medalla

Cənubi Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub

Cənubi Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub. Azərbaycan milli komandası yarışda 1 gümüş və 1 bürünc medal qazanıb.

69 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova bu dəfə bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda Panama təmsilçisi Athena Bilona məğlub olub.

Yana Alekseyeva (60 kq) isə yarımfinalda fransalı Estell Mosseli üzərində qələbə qazanıb – 2:1. Ancaq milli komandamızın üzvü finalda dünyanın ən güclü qadın boksçusu hesab olunan irlandiyalı Keti Teylorla qarşılaşmalı olub. Alekseyeva Olimpiya, 5 qat dünya və 6 qat Avropa çempionu olan rəqibinə layiqli müqavimət göstərsə də, hakimlər qələbəni Teylora veriblər.

Qeyd edək ki, komandamız 2 il əvvəl Çin Xalq Respublikasında keçirilmiş dünya çempionatında 1 gümüş medal qazanmışdı. Yelena Vıstropova 2-ci yeri tutmaqla yanaşı, London Olimpiadasına lisenziya da əldə etmişdi.