Boks-MMA

4 boksçumuz finala və Rio Olimpiadasına vəsiqə qazandı

Türkiyənin Samsun şəhərində təşkil olunan boks üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Çıxışlarını davam etdirən 5 boksçumuz ötən gün yarımfinal görüşünə çıxıb.

Qadın boksçular arasındakı yarışda 60 kq çəki dərəcəsində çıxış edən Yana Alekseyevna yarımfinalda irlandiyalı təcrübəli boksçu, Avropa Oyunlarının yarımfinalında üz-üzə gəldiyi, Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Keti Teylorla qarşılaşıb. Millimizin üzvü qələbə qazanaraq, həm finala yüksəlib, həm də Rio Olimpiya Oyunlarına lisenziya əldə edib.

Kişi boksçuların 56 kq çəki dərəcəsində yarışan dünya çempionumuz Cavid Çələbiyev ermənistanlı boksçu Aram Avaqyanla üz-üzə gəlib. Cavid rəqibi üzərində inamlı qələbə qazanmaqla finala və Olimpiadaya vəsiqəni təmin edib.

64 kq çəki dərəcəsində yarımfinala vəsiqə qazanan Lorenso Sotomayor türkiyəli boksçu Batuhan Gözgeçlə münasibətləri aydınlaşdırıb. Sotomayor da Alekseyevna və Çələbiyevin uğurunu təkrarlamağa nail olub.

91 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Avropa oyunlarının qalibi Abdulqadir Abdullayev yarımfinalda böyük britaniyalı Laurens Okolye ilə döyüşüb. Təəssüf ki, Abdullayev bu görüşdə məğlubiyyətlə üzləşib.

Ən ağır çəkidə (+91 kq) mübarizə aparan ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov isə final yolunda yerli idmançı Ərən Əli Dəmirəzənlə mübarizə aparıb. Məcidov da rəqibii məğlub edərək həm finala yüksəlib, həm də Olimpiya Oyunlarına lisenziya qazanıb.

Beləliklə, boksçularımızın lisenziya sayı 7-yə yüksəlib. Final görüşləri bu gün - aprelin 16-da keçiriləcək.