Boks-MMA

Fariz Məmmədov belə dünya çempionu oldu (VİDEO)

"15 ildi dünya çempionu olmaq arzusundaydım. Buna nail oldum. Qazandığım uğurda çox insanın zəhməti var. 6 aydı birlikdə çalışdığım məşqçi heyətinə, Ukraynadan, Rusiyadan mənə dəstək olmağa gələnlərə, bütün komandamıza, sizlərə təşəkkür edirəm".

Bakıda WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüş keçirilib. Boks mərkəzində baş tutan döyüşdə Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ" İdman Klubunun üzvü Fariz Məmmədov Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşıb. 

İdmançılar yarımorta çəki dərəcəsində (66,7 kq) dünya çempionu kəməri uğrunda mübarizə aparıb. 12 raund davam etməli olan döyüş Məmmədovun peşəkar rinqdə 22-ci qarşılaşması olub. Bunadək keçirdiyi 21 döyüşdə 18 dəfə qələbə qazanıb, 12-ni vaxtından əvvəl başa çatdıran boksçumuzun qarşısında afrikalı idmançı da tab gətirməyib. İlk raunddan üstün boks nümayiş etdirən Məmmədov yalnız ilk 6 hissədə müqavimətə rast gəlib. 7-ci raundda təzyiqi artıran idmançımız Lusambianı noqdauna salıb. Mübarizəni davam etdirən afrikalı 8-ci raundda da növbəti noqdaundan ayağa qalxıb. Az keçməmiş Fariz növbəti dəfə rəqibinə ağır zərbə endirib. Bu dəfə uqandalı mübarizəni davam etdirmək üçün özündə güc tapa bilməyib.

Beləliklə, qarşılaşmanı 8-ci raunddakı qələbə ilə başa vuran Məmmədov WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionu kəmərlərinə sahib olub. Bununla da təmsilçimiz Azərbaycan boks tarixinə peşəkar boksdakı ilk dünya çempionumuz kimi düşüb.

Döyüş başa çatandan sonra dünya çempionumuz qarşılaşma haqda təəssüratlarını açıqlayıb. Klubun saytının verdiyi xəbərə görə, çempionluq kəməri qazandığı rinqdə çıxış edən Məmmədov tribunalara toplaşan azarkeşlərə və ona dəstək olanlara təşəkkürlərini çatdırıb: 

"15 ildi dünya çempionu olmaq arzusundaydım. Buna nail oldum. Qazandığım uğurda çox insanın zəhməti var. 6 aydı birlikdə çalışdığım məşqçi heyətinə, Ukraynadan, Rusiyadan mənə dəstək olmağa gələnlərə, bütün komandamıza, sizlərə təşəkkür edirəm. Bu 15 illik dünya çempionu həsrətini hər gün yaşayırdım. Bu arzuma çatmağımda "Qəbələ" İdman Klubunun rolu oldu. Klubuma təşəkkür edirəm. Söz verirəm ki, "Qəbələ" klubuna olan sevgimi bütün varlığımla qoruyacağam".