Bizim futbol

Əhmədov: “Əvəzetmələr oyuna və nəticəyə təsir etdi”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanın “Tobol” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Dsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən matçla bağlı bunları söyləyib:

“Tobol” Qazaxıstanın 3-4 ən güclü komandasından biridi. Bu klub oturuşmuş heyətə, səviyyəli legionerlərə, milli üzvü olan futbolçulara malikdi.

Birinci hissənin ilk 10-15 dəqiqəsindən sonra futbolçularım oyunu tam ələ aldılar. Qısa və orta ötürmələr hesabına hücumlar qururduq. Düzdü, boşluqlarımız da var idi. Ancaq nəzərə alsaq ki, fiziki hazırlıq məşqlərindən sonra ikinci oyunumuzu keçirirdik, komandanın ilk hissədəki çıxışından razı qalmaq olar. Havanın küləkli olması oyuna təsir edirdi. Məncə, külək olmasaydı, daha baxımlı futbol izləyərdik. Güclü külək bir çox epizodda ötürmələrin ünvana çatmasına mane olurdu.

İkinci hissənin ilk 10-15 dəqiqəsi yenə bizim üstünlüyümüz şəraitində keçdi. Komanda yaxşı top saxlayırdı. Bu oyunda futbolçularım verilmiş tapşırığın 75-80 faizini yerinə yetirdilər.

Bu, yoxlama oyunudu. Belə matçlarda dəyişikliklər mütləqdi. Əvəzetmələr komandanın oyununa, nəticəyə təsir etdi ki, bu da, başadüşüləndi. Biz bura təlim-məşq toplanışa gəlmişik. Yoxlama oyunlarında hər bir futbolçuya şans verəcəyik ki, hamı özünü göstərmək imkanı əldə etsin”.