Bizim futbol

Sənan Qurbanov: “Planımız həyata keçdi”

2018/19 mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində keçirilən “Qəbələ” - “Qaradağ Lökbatan” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov klubun saytına fikirlərini açıqlayıb.

Dsport.az sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Yanvarın 6-da toplanışa başlayıb məşqlərimizi paytaxtda davam etdirdik. Hazırlıq prosesinin arxada qalan hissəsi istədiyimiz kimi keçdi. Bu gün keçirilən yoxlama matçı da bizim üçün yaxşı məşq oldu. “Qaradağ Lökbatan” bizə yaxşı müqavimət göstərdi. Həm də gənc futbolçularımızı müəyyən mövqelərdə sınadıq. İlk matç üçün yaxşı alındı. Ən əsası odur ki, görüşlə bağlı planımız həyata keçdi.

Toplanış öncəsi futbolçular yaxşı istirahət etmişdi. Bu da əhval-ruhiyyənin yaxşı olması baxımından müsbət haldır. Toplanış müddətində məşqlərimiz istədiyimiz kimi keçdi. Bunu hazırlıq prosesinin ilk mərhələsi üçün yaxşı hesab edirəm”.