Bizim futbol

“Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldu”

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vuruldu.

Dsport.az xəbər verir ki, sonuncu görüşdə “Keşlə” “Şüvəlan”ı 3:0 hesabı ilə məğlub edib növbəti mərhələdə “Qarabağ”a rəqib oldu. Matçdan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.  

Tərlan Əhmədov (“Keşlə”nin baş məşqçisi): “1/8 final mərhələsi 1 oyundan ibarətdi. Bu gün 1-ci divizion klubu “Şüvəlan” ilə üz-üzə gəldik. Buna baxmayaraq, 1-ci hissədə çətinlik çəkirdik, qol vura bilmirdik. 2-ci hissədə isə qollar vurmağı bacardıq və mərhələ adladıq. Aqil Nəbiyev “Şüvəlan”da yaxşı kollektiv qura bilib, bu səbəbdən onu təbrik edirəm. Biz isə yolumuza davam edirik. Qarşıda bizi çətin çempionat oyunu gözləyir. Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldu”. 

Aqil Nəbiyev (“Şüvəlan”ın baş məşqçisi): “İki fərqli hissə oldu. İlk hissədə xarakter nümayiş etdirdik. İkinci hissənin əvvəlində isə uğursuz bir epizod oldu və hesabda geri düşdük. Bundan sonrakı hadisələrdə əleyhimizə işlədi. Açığı, bizim komandanın əsasını gənc futbolçular təşkil edir. Geniş heyətimiz yoxdu, qarşıdan çempionat oyunu gəlir. Bütün bunları nəzərə alsaq, ilk hissədəki əzmkarlıq məni razı saldı. Bu gün həqiqətən də Premyer Liqa ilə 1-ci divizion arasında fərq var”.