Bizim futbol

Ozobiç: “Azərbaycan yığmasında oynamaq barədə mənimlə heç kim söhbət etməyib”

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərinin kimlər olduğunu dünən bildi. Yığmamızın qrupda oynayacağı ilk oyun Xorvatiya millisinə qarşı olacaq. Son illərdə yenilənmiş heyətlə daha da yüksək nəticələrə imza atan Xorvatiya yığması qrupun aşkar favoritidir.

Azərbaycan Premyer Liqasında oynaya-oynaya Xorvatiya yığmasına dəvət almaq hər futbolçunun işi deyil. Ancaq “Qarabağ”ın futbolçusu Filip Ozobiç çətin olsa da, bu işin öhdəsindən gəlmişdi. Düzdür, o, bunu “Qarabağ”da oynaya-oynaya deyil, “Qəbələ”də olarkən etmişdi. 2017-ci il yanvar ayında Ante Çaçiçin diqqətini çəkə bilən Ozobiç, Çili və Çinlə yoxlama oyunlarında Xorvatiya yığmasının heyətində meydana çıxmışdı.

Komanda.az saytına müsahibə verən xorvatiyalı oyunçu, Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin diqqətini çəkməyin çətin olduğunu bildirdi:

- Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya yığması ilə eyni qrupa düşdü. Necə düşünürsən, Azərbaycan üçün çətin olacaq? 
- Bəli, püşkatmaya baxdım, qruplarla tanışam. Azərbaycanın Xorvatiya ilə oynayacağını bilirəm. Xorvatiya yığması bu il necə güclü yığma olduğunu göstərdi.

- Azərbaycan yığmasına heç bir şans vermirsən? 
- Azərbaycan çox çətin qrupa düşüb. Xorvatiya ilə yanaşı, digər komandalar da güclüdür. Necə olacağını isə zaman göstərəcək. Azərbaycana uğurlar arzu edirəm.

- Azərbaycan yığmasının sürpriz edərək, qrupdan çıxması reala yaxındır, yoxsa gerçəkləşməyəcək arzudur? 
- İndidən hansı komandanın qrupdan çıxacağını demək erkəndir. Çünki hələ heç oyunlar da start götürməyib. Qrup oyunları başladıqdan sonra nəsə demək olar. Amma əlbəttə ki, bu qrupda mən Xorvatiyanı bir nömrəli favorit görürəm.

- Qrupun ilk görüşü 2019-cu ildə Xorvatiya yığmasına qarşı olacaq. Həmin oyunda səni Xorvatiya yığmasının heyətində görmək mümkün olar? 
- (gülür) İndidən bunu deyə bilmərəm. Çünki bilmirəm, həmin vaxt Xorvatiya yığmasında olacam, ya yox. Ancaq düzünü demək lazımdırsa, Xorvatiyanın çox güclü heyəti var.

- Xorvatiya sənin doğma vətənindir, ancaq Azərbaycanda da artıq üç ildən çoxdur ki, oynayırsan. Maraqlıdır, Xorvatiya və Azərbaycan yığmaları arasındakı görüşdə hansı komandaya azarkeşlik edəcəksən? Hər halda, Azərbaycan yığmasındakı oyunçular “Qarabağ”dan səninlə komanda yoldaşıdır... 
- Xorvatiya mənim doğuldum, doğma vətənimdir. Bu haqda nəsə demək çətindir. Çünki mən Azərbaycanın da yaxşı nəticələr qazanmasını istəyirəm. Cavabım belə ola bilər.

- Xorvatiya yığmasına cəlb olunduğun zaman millinin baş məşqçisi Ante Caçiç idi. İndi isə yığmanı Zlatko Daliç çalışdırır. Necə düşünürsən, Daliç heç səni tanıyır? İndi bu yığmaya düşmək mümkündür? 
- Zlatko Daliçin artıq komplektləşmiş heyəti var. Hansı ki, həmin heyətlə dünya çempionatında da oynayırdı. Elə indi də demək olar həmin heyət oynayır. Gəlin etiraf edək ki, Xorvatiya yığmasının heyəti çox güclüdür. Bu yığmaya düşmək haqda isə danışmaq istəmirəm.

- Maraqlıdır, “Sportinq”ə 1:6 hesabı ilə uduzduqdan sonra “Qarabağ”da atmosfer hazırda necədir? Özünüzə gələ bilmisiz? 
- Əlbəttə ki, məğlub olmağı heç kim sevmir. Amma bu, futboldur və bu cür oyunlar da olur. Heç kim istəməzdi ki, belə olsun. Amma biz indi “Keşlə”yə qarşı oynayacağımız oyunu düşünürük. Bütün diqqətimiz də həmin oyuna yönəlib.

- “Sportinq”lə oyunun üstündən bir neçə gün keçsə də, soruşmaq istəyərdim, nəyə görə bu cür hesabla uduzduz? 
- Nəyə görə bu hesabla uduzduq, nəyə görə alınmadı - bunu izah etmək indi mənim üçün çətindir. Hərdən elə olur ki, komanda ələ düşən imkanların hamısından yararlana bilir. Ola bilsin ki, “Sportinq” üçün də o gün elə həmin gün idi.

- “Keşlə” üzərində qazanacağınız mümkün qələbə sizi özünüzə gətirəcək? 
- “Keşlə” ciddi komandadır. Biz bu gün qalib gəlmək istəyirik. Əminəm ki, bunu edə biləcəyik.

- Azərbaycan millisinin Kosovoya 0:4 hesablı məğlubiyyəti, “Qarabağ”ın isə “Sportinq” önündə tab gətirə bilməməsindən sonra artıq çoxu düşünür ki, Qurban Qurbanov üçün həm klubda, həm də yığmada işləmək çox çətindir və o, bu iki işdən birini seçməlidi. Razısan bununla? 
- Bilirsiz, insanlar hər zaman onsuz da nəsə danışır. Qurban Qurbanov çox yaxşı məşqçidir. “Qarabağ”la yüksək nəticələrə imza atdıığı kimi, əminəm ki, milli komanda ilə də əla nəticələr qazanacaq. Sadəcə, bütün bunların həyata keçməsi üçün zaman lazımdır. Qurban Qurbanov milliyə uğurlu nəticələr qazandıra biləcək məşqçidir.

- “Sportinq” məğlubiyyətilə yanaşı, yəqin ki, “Qarabağ”ı üzən daha bir hadisə “Neftçi”nin qış çempionluğunu rəsmiləşdirməsi oldu. Qışdan sonra geri dönüş edə biləcəksiz? 
- Hələ görün nə qədər oyun var. Mövsümün sonuna qədər çox oyun var. Məncə, çox xal yığmaq olar.

- Premyer Liqanın 11-ci turu çərçivəsində “Qarabağ”ın heyətində Qəbələyə yollanmışdın və yerli fanatlar səni sevgi ilə qarşılamadı. Hətta oyundan sonra səni söydülər və tüpürdülər. Belə nifrətlə qarşılaşacağını güman edirdin? 
- Mən peşəkar adamam. Üstəlik, indi də “Qarabağ”ın futbolçusuyam. “Qəbələ” və azarkeşləri haqda nəsə pis söz deyə bilmərəm. Hər zaman “Qəbələ”yə hörmətlə yanaşacam. Ola bilər ki, hazırda bu komandanın nəticələri zəifdir. Amma əminəm ki, onlar daha yaxşı olacaq, daha yaxşı nəticələr qazanacaq.

- Daha iki il də ölkəmizdə yaşasan, Azərbaycan yığmasında oynamaq ehtimalın olacaq. Maraqlıdır, Qurban Qurbanov heç səninlə bu barədə danışıb? Ümumiyyətlə, belə bir mövzu olub? 
- Düzünü desəm, Azərbaycan yığmasında oynamağım üçün daha neçə il burda yaşamalı olduğumu bilmirəm. Azərbaycan yığmasında oynamaq barədə mənimlə heç kim söhbət etməyib. Mən indi Xorvatiya yığması barədə də düşünmürəm. Hazırda “Qarabağ” barədə düşünürəm və bu komandada daha yaxşı oynayaraq, xeyir vermək barədə fikirləşirəm.