Bizim futbol

Ruslan Abışov: “Tələsmək istəmirəm”

“Neftçi”nin futbolçusu Ruslan Abışov uzun müddətdən sonra məşqlərə başlayıb.

Dsport.az xəbər verir ki, azarkeşlərdən böyük dəstək gördüyünü bildirən kapitan təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:

- Nəhayət ki, uzun müddətdən sonra məşqlərə başladın...
- Bəli. Klub həkimlərimiz üç həftə fərdi məşq etməyi tapşırıblar. Onların verdiyi plan üzrə çalışıram. Günü-gündən özümü daha da yaxşı hiss edirəm.

- Bu müddət ərzində iki dəfə Almaniyada oldun. Həmin ölkəyə yenə səfər edəcəksən?
- Almaniyaya ilk gedişim əməliyyatla bağlı idi. İkinci səfərim isə bərpa üçün nəzərdə tutulmuşdu. Artıq Almaniyaya getməyimə ehtiyac yoxdur. Fürsətdən istifadə edib, müalicəmi ən yüksək səviyyədə təşkil etdiyi üçün klub rəhbərliyinə və əziyyətimi çəkən həkimlərimizə təşəkkürümü bildirirəm.

- Bərpa prosesi ilk plana uyğun davam edir, yoxsa plandan daha tez gedir?
- Almaniyadakı həkimlərin dediyinə görə proses sürətlə gedir. Amma mən tələsmək istəmirəm. Yanvardakı təlim-məşq toplanışında var gücümlə məşq etməyi düşünürəm.

- Bərpa müddəti ərzində ən çətin nə olur?
- Futbolsuz qalmaq. Bunu sözlə ifadə etmək çox çətindir. Amma nə yaxşı ki, artıq çətin günlər arxada qalıb. İndi yalnız meydana çıxacağım günləri sayıram.

- Yəqin ki, azarkeşlərdən də dəstək alırsan?
- Karyeramboyu heç vaxt bu qədər dəstək görməmişəm. Həqiqətən də, azarkeşlərin yazdığı hər bir mesaj, göstərdiyi hər bir diqqət sağalma prosesini daha da sürətləndirir. Bu zaman kəsiyində mənə təsəlli verib, dəstək olan azarkeşlərin hər birinə minnətdaram.