Bizim futbol

Bernar Şalland: “Himnin fitə basılması yaxşı hal deyil”

Futbol üzrə Kosovo yığmasının baş məşqçisi Bernard Şalland UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Dsport.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

- Nəticədən məmnunam. Oyundan əvvəl təzyiq altında necə oynayacağımıza dair suallar var idi. Bu suallara futbolçularım aydınlıq gətirdilər.

- Bu uğuru komandanızdan gözləyirdinizmi?
- Qrupda qalib gəlmək arzum idi. Bu barədə püşkatmadan sonra düşünmüşdüm. Təlim-məşq toplanışı başlayanda yaxşı futbol sərgiləməyin və istəyimizə çatmağın mümkünlüyünü vurğulamışdım. Sonda istəyimizə çatdıq.

- Avropa çempionatına vəsiqə imkanınız olacaqmı?
- Əlbəttə, Avropa çempionatına yüksələcəyimizə inanıram. Bundan 2 oyun aralıdayıq. Makedoniyaya qalib gələcəyimizə inanıram. Pley-offa hazırlaşmaq üçün bir ildən çox vaxtımız var. Seçmə mərhələ Millətlər Liqasına daha yaxşı hazırlaşmağa kömək edəcək. Düşünürəm ki, Millətlər Liqası Avropa çempionatına vəsiqə qazanmaq baxımından seçmə mərhələdən daha asandı.

- Qapıçı Aryanet Muriçi start heyətdə meydana buraxmağınız nə ilə əlaqədar idi?
- Baş məşqçi kimi bəzən seçim etməliyəm. Bu gün risk edərək, ona üstünlük verdim. Məncə, Xosep Qvardiola dünyanın ən yaxşı baş məşqçisidi. Muriç Qvardiolanın komandasında çıxış edir. Samir Uykani də yaxşı qapıçıdı. 3 yaxşı qapıçımız var. Hamısına güvənirik. 

- Düşünmürsüz ki, bu, karyeranızda ən böyük uğurdu?
- Növbəti uğurumun daha böyük olacağını düşünürəm. Bu, Avropa çempionatı olacaq. 

- Azərbaycan himninin fitə basılması ilə bağlı nə deyə bilərsiz?
- Mən İsveçrədənəm, siyasətlə məşğul deyiləm. Məncə, bu, yaxşı hal deyil. Azərbaycan yaxşı komandadı. Biz futbol haqda danışmalı və digər məsələlərə diqqət yetirməməliyik. Ola bilər ki, azarkeşlər komandanı daha çox dəstəkləmək istəyirdilər və bu da sonra əndazəni aşdı. (Sportnet)