Bizim futbol

Qurban Qurbanov: “Erkən qol ağır zərbə oldu”

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin son turu çərçivəsində Kosovoya qarşı keçirilmiş səfər oyununu şərh edib.

Dsport.az xəbər verir ki, millimizin çalışdırıcısı 0:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

- Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Məğlubiyyəti gözləyirdim. Çünki bura qələbə üçün gəlmişdik və bizi istənilən nəticənin gözlədiyini bilirdik. Həm ilk, həm də ikinci hissədə eyni ssenari təkrarlandı. Erkən qol buraxmaları futbolçularımıza ağır zərbə oldu. Rəqib komandanın gücü tam bilindi. Əfsuslar olsun ki, uduzduq. Kosovoya uğurlar arzulayıram.

- Bu məğlubiyyəti yorğunluqla, yoxsa psixoloji problemlərlə əlaqələndirərdiniz?
- Bunların heç birini səbəb gətirmək istəməzdim. Rəqibin gücü bizdən çox idi. Üstünlük onların tərəfində idi. Ustalıq səviyyəsi və digər komponentlərdə geri qaldıq. Yorğunluq və psixoloji sıxıntı həmişə olur. Rəqib yaxşı komanda idi.

- Belə məğlubiyyətin qarşısını almaq üçün B planınız var idi?
- Bizim 3 oyunçu dəyişmək imkanımız var idi. Bunu da oyunun gedişində edə bilərdik. Qollar elə vuruldu ki, dəyişikliyə imkan olmadı. Bu halda hansısa dəyişiklik matçın gedişinə təsir etməyəcəkdi. 

- Millətlər Liqasında belə nəticə göstərdiksə, Avropa çempionatının seçmə mərhələsində bizi nə gözləyir?
- Bizi nə gözlədiyini deyə bilmərik. Dəfələrlə demişəm ki, çempionatımızın səviyyəsi və oyunçu potensialını yaxşılaşdırmalıyıq. Hələlik, bu suala cavab vermək düzgün olmaz. Müəyyən vaxt lazımdı. (Sportnet)