Bizim futbol

Maksim Medvedev: “Kosovo ilə oynaya bilərik”

Futbol üzrə Azərbaycan yığmasının üzvü Maksim Medvedev UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-cu turu çərçivəsində doğma meydanda Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Dsport.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu öncə bunları söyləyib:

“Bizim üçün çox ağır oyun oldu. Uzun zamandı bu qarşılaşmanı gözləyirdik. Bildiyiniz kimi, iki həlledici oyundan birinə çıxdıq. İki oyuna 6 xal qazanıb, birinci yerə yüksələ bilərik. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Rəqibi analiz edib, baş məşqçimizin tapşırıqlarını yerinə yetirdik. İstədiyimiz kimi hücuma çıxıb, lazım olan qolları vurduq”.

Medvedev rəqibin ikinci hissədə təyziq etdiyini deyib: “Rəqib ikinci hissədə 5-li müdafiə sistemini dəyişdi. Bir müdafiəçinin yerinə hücumameylli futbolçu meydana çıxdı. Ona görə bir az təyziq etməyə başladılar. İki qolla öndəydik və risk etmək istəmirdik. Çalışırdıq ki, daha sərbəst oynayaq. Belə deyim, özümüzdən fantastika yaratmaq istəmirdik. Daha rahat, dəqiq ötürmələrlə hücuma çıxmaq istəyirdik”.

29 yaşlı sağ cinah müdafiəçisi növbəti turdakı Kosovo ilə oyun haqda da danışıb: “Rəqib futbolçuların ustalığı yüksək səviyyədədi. Belə müqayisə etsək, Kosovo ilə oynaya bilərik. Əsas odu ki, diqqətimiz, psixologiyamız yerində olsun və baş məşqçinin tapşırıqlarını yerinə yetirək”.