Bizim futbol

Mirabdulla Abbasov: “Həyəcanlı deyildim”

Futbol üzrə Azərbaycan yığmasının üzvü Mirabdulla Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-cu turu çərçivəsində doğma meydanda Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Dsport.az xəbər verir ki, bu oyunda millidə debüt edən hücumçu bunları söyləyib:

“Çox vacib qələbə oldu. Turnir cədvəli baxımından 3 xal çox əhəmiyyətli idi”.

Abbasov Kosovo ilə səfərdə keçiriləcək görüş barədə danışıb:

“Əlimizdən gələni edəcəyik ki, Kosovonu məğlub edib 3 xal qazanaq və qrupu lider başa vuraq”. 

- Bizim bacarmadığımız Maltaya Kosovo 5 cavabsız qol vurdu. Son turda işimiz necə olacaq?
- Futbolda hər şey ola bilər. Biz də Kosovo ilə burda heç-heçə etmişik. Milli komandamız elə gücdədi ki, rəqibi məğlub edəcək.

- Debüt oyununu necə dəyərləndirirsən?
- Öz oyunumu dəyərləndirməyi sevmirəm. Kənardakılar qiymət versə, yaxşı olar. Əlbəttə, qol vurmaq istəyirdim. Hər bir hücumçu bunu istəyirdi.

- Debütündə təkbətək epizodda qol vura bilmədin. Bu həyəcanla bağlı idi?
- Xeyr, həyəcanlı deyildim, sadəcə, hər an qol vurmaq olmur. Həmin epizodda alınmadı.

- Kosovo ilə səfər matçında start heyətdə olacağını düşünürsən?
- Məşqçilərin fikridi. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Start heyətdə də olsam, oyuna sonradan da qoşulsam, əlimdən gələni edəcəm.