Bizim futbol

Azərbaycan millisindən tarixi nəticə

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Farer adalarına qalib gələn (2:0) Azərbaycan millisi rekorda imza atıb.

Dsport.az xəbər verir ki, yığmamız 26 illik tarixində ilk dəfə ardıcıl 5 rəsmi oyunda məğlub olmayıb.

Millətlər Liqasında keçirdiyi 5 matçın 2-də qələbə qazanıb, 3-də heç-heçə edən komanda sonuncu dəfə rəsmi oyunlarda məğlubiyyətini DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə səfər oyununda alıb. Həmin zaman 1:5 yenilən yığma Millətlər Liqasında Kosovo ilə 0:0, Malta ilə iki dəfə 1:1 oynayıb, Farer adalarına isə səfərdə 3, evdə 2 cavabsız qolla qalib gəlib.

Buna qədər rəsmi oyunlarda ən uzun məğlubiyyətsiz seriya 4 oyuna bərabər idi. Milli DÇ-2014-ün seçmə mərhələsində Berti Foqtsun rəhbərliyi altında Lüksemburq, İsrail və Rusiya ilə eyni – 1:1 hesablı heç-heçə edib, Şimali İrlandiyanı isə məğlubiyyətə uğradıb - 2:1. Bu dəfə milli Qurban Qurbanovun rəhbərliyi altında həmin rekordu yeniləyib.

Yoldaşlıq oyunları daxil olmaqla götürdükdə isə ardıcıl 6 matçdı məğlubiyyət üzü görməyən millimiz tarixinin ən yaxşı nəticəsini təkrarlayıb. Millətlər Liqasından öncə yoxlama matçında Latviyaya 3:0 qalib gələn komanda ardıcıl 6 oyunla 1998-ci ildəki uğurlu seriyanı yenidən göstərib. Fərq ondadı ki, həmin zaman bütün matçlar yoxlama xarakteri daşıyıb.