Bizim futbol

“Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdı”

“Neftçi”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov klubun rəsmi saytına müsahibə verib.

Dsport.az xəbər verir ki, zədədən sonrakı bərpa prosesi ilə bağlı danışan futbolçu komandanın çempionluq şansını da dəyərləndirib:

- Bərpa prosesi necə keçir?
- Normal keçir. Artıq fərdi məşğələlərə başlamışam, velosiped sürürəm, bəzi təmrinləri yerinə yetirirəm. Növbəti müayinədən sonra hər şey dəqiqləşəcək.

- Komandanı kənardan izləmək nə dərəcədə ağırdır?
- Yaşıl meydanlardan 2-3 ay müddətində kənarda qalmağı təsəvvürümüə gətirə bilmirəm. 3 həftədir oynamıram, artıq mübarizəyə qoşulmaq istəyirəm. Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdır. Amma neynəmək olar? Bu, futboldur.

- Sizcə, iki dövrənin yekununa görə komandanın turnir cədvəlində birinci yeri tutub, qış fasiləsinə lider kimi yollanmağı nə dərəcədə vacibdir?
- Çox vacibdir. Komandada qalib ruhu olacaq. Həm də fasiləyə yüksək əhval-ruhiyyədə yollanacağıq. Çempionatın sonunu da yüksək notlarda keçirmək önəmlidir. Çox istərdim ki, bu bizdə alınsın.

- Sizin yoxluğunuzda "Neftçi”nin çıxışını necə qiymətləndirirsiz?
- Əsas odur ki, komanda xallar qazanır. Bunun mənimlə və ya mənsiz olması önəmli deyil.

- Çempionluq şansı nə dərəcədə realdır?
- İndi bu haqda danışmaq üçün çox tezdir. Qarşıda hələ çox oyun var. Biz isə ən yaxın izləyicimizdən cəmi 3 xal öndəyik. Çempionluq haqda mövsümün sonuna 2-3 tur qalmış danışmaq olar.

- Mövsümün bu mərhələsində "Neftçi”nin lider olacağını gözləyirdiz?
- Təbii ki, çempionluq uğrunda mübarizə aparacağımızı düşünürdüm. Ona görə də, birinci yerdə olmağımız təəccüblü deyil. Turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirməliyik. Liderliyə yüksəlmək çətindir, onu qorumaq daha da çətindir. İlin sonunadək keçiriləcək 3 turdan 9 xal toplamaq lazımdır. İlk dəqiqədən sonadək oyuna köklənməliyik. Azarkeşlərimizin də dəstəyi ilə qarşıya qoyulan məqsədə çata bilərik. Hamımıza - klub rəhbərliyinə, komandaya, doğmalara, yaxınlara və azarkeşlərə uğurlar! Arzu edirəm ki, bu mövsümü birinci pillədə bitirək.