Bizim futbol

Maksim Medvedev: “Bunun üçün əlimdən gələni edəcəm”

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının 11-ci turunda qarşılaşdığı “Qəbələ”ylə matç Maksim Medvedev üçün əlamətdar olub.

Dsport.az xəbər verir ki, Ağdam klubunun tarixində ölkə çempionatlarında 269-cu oyuna çıxan Medvedev “Qarabağ”da yerli çempionatlarda ən çox forma geyinən futbolçu tituluna yiyələnib. O, 268 oyuna çıxmış Aslan Kərimovu geridə qoyub.

Maksim Medvedev bu haqda klubunun rəsmi saytına fikirlərini bildirib:

“Qarabağ”ın tarixində ölkə çempionatlarında ən çox forma geyinmək rekordunun bütün futbolçular arasında mənə məxsus olması xoşdu. Çalışacam ki, bu rəqəmi daha da yüksəldim və klubda çox oyunum olsun. Hələ qarşıda bir neçə ilim var. 269-un daha böyük rəqəm olması üçün əlimdən gələni edəcəm. Düzdü, bu qədər oyun keçirmək çox çətindi, çox əziyyət çəkdim. “Qarabağ” kimi klubun ölkə çempionatlarında ən çox oynayan futbolçusu titulu mənim üçün qürurvericidi. Hədəfim ümumilikdə ən çox oynayan futbolçu adına yiyələnmək və bu klubla daha böyük zəfərlər qazanmaqdı”.