Bizim futbol

“Yaxşı oyun göstərdiyimizi deyə bilərəm”

Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə Tiflisdə yoldaşlıq oyunu keçirən və qələbə qazanan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandasının məşqçisi Ağatahir Əzimov oyunla bağlı fikirlərini bölüşüb.

Dsport.az xəbər verir ki, Futzal Federasiyasının rəsmi saytına danışan gənc mütəxəssis 3:2 hesablı qələbəni belə şərh edib:

“Uşaqlar verilən tapşırıqları yerinə yetirmək üçün çox çalışdılar. Demək olar, əllərindən gələni etdilər. İlk beynəlxalq oyunumuz olsa da, yaxşı çıxış etdik. Birinci hissədə daha rahat oynadıq və fasiləyə qalib yollandıq. Bu üstünlüyümüzü ikinci hissənin ortalarına qədər davam etdirdik. Fərqi artırana qədər gərginlik hiss olunmurdu. Sonra rəqib qapımıza yol tapdı. Ancaq uşaqlar oyun intizamından qopmadılar və 2 topluq fərqi yenidən bərpa etdilər. Bundan sonra meydan sahibi komanda qapıçını da meydan oyunçusu ilə əvəz etdi. Artıq uşaqların əziyyət çəkdiyi aydın idi. Düzdü, məşqlərdə “5-in 4-ə” üzərində də işləmişdik. Əziyyət çəksək də, uşaqlar oyun intizamından qopmamağa çalışdılar. Hərçənd səhvə yol verdik və görüşün son dəqiqəsində onlar qol vurdular. 3:2-dən sonra hesabı qorumağa çalışdıq. Ümumiləşdirsək, yaxşı oyun göstərdiyimizi deyə bilərəm”.