Bizim futbol

Roberto Bordin: “Bir az qorxduq”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 11-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Dsport.az xəbər verir ki, italiyalı mütəxəssis 2:2 hesabıyla bitən oyundan sonra bunları söyləyib:

- Bu gün son anlara qədər sərt oyun alındı. Hər iki komanda qələbə qazanmağa çalışdı. Sonuncu yerə layiq olmayan rəqiblə qarşılaşırdıq. Üzücü hal odur ki, hesabda öndə olsaq da, bunu qoruya bilmədik.

- "Neftçi”nin müdafiə xəttinin zəif olması bu gün də özünü göstərdi. Zədələnən Kiril Petrov gələn tur olmasa, vəziyyətiniz necə olacaq?
- Son oyunda Anton Krivorsuk - Slavko Braliç cütlüyü yaxşı çıxış etmişdi. Petrov öz oyunu ilə gənclərə dəstək verir, komandaya kömək edir. Anton və Braliç də pis çıxış etmədilər.

- Elədirsə, Anton Krivotsyukun ehtiyatda qalmasının səbəbi nə idi?
- Bu nə sualdır? Sualın məntiqini başa düşə bilmədim. Heyət bir gün öncə məşqdən sonra müəyyən edilir. Bu, futboldur. Bu dəfə Braliçə üstünlük verdik. Taktiki seçim idi.

- Rəqibin heyətində xüsusi fərqləndirə biləcəyiniz oyunçu var?
- Fərdi cəhətdən kimisə fərqləndirə bilmərəm. Komanda oyunu göstərirdilər. Hətta hesab 2:2 olarkən də əks-hücumdan qol vura bilərdilər.
 
- Baxışda olan futbolçu ilə müqavilə imzalanacaq?
- Bu haqda danışmaq üçün tezdir. Normal oyunçudur. Amma qərar vermək erkəndir.
 
- Köməkçiniz Füzuli Məmmədovun durumu necədir?
- Vəziyyəti yaxşıdır. Bu gün bir az qorxduq. Həm köməkçi-məşqçimə, həm də "Zirə”nin qapıçısına görə qorxduq. Oyunda belə gərginlik yarandı.