Bizim futbol

“Azərbaycanda uşaq futbolu sürünür”

"Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı müsahibə verib.

Dsport.az xəbər verir ki, U-19 komandasının UEFA Gənclər Liqasında Almaniya çempionu "Herta"ya məğlubiyyətini şərh edən türkiyəli mütəxəssis uşaq futbolundakı problemlərdən də söz açıb.

- Dünən "Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasının 2-ci mərhələsində Almaniya çempionu "Herta"ya 1:3 hesabı ilə uduzdu. Komandanın çıxışı barədə nə deyə bilərsiniz?
- Əvvəlcə onu deyim ki, göstərdiyimiz oyundan razı qaldım. Kifayət qədər baxımlı oyun alındı. Uşaqlarımız yaxşı mübarizə apardılar. Hesab 0:2 olarkən penaltidən yararlana bilmədik. Qol olsaydı, hər şey fərqli də başa çata bilərdi. Ancaq futbolçularımızın Almaniya çempionuna qarşı oynaması, beynəlxalq təcrübə qazanması bizim üçün dəyərli idi. Bizim üçün belə bir turnirdə oyunu udub-uduzmaq o qədər də önəmli deyil. Komandamız neçə dəfə Almaniya çempionu ilə oynayıb? Hər şeyi öz səyləri ilə etdilər. "Şerif"i keçdilər, bu oyuna vəsiqə qazandılar. Meydanda bərabər səviyyəli oyun getdi. Fərdi səhvlərdən məğlub olduq. Bundan sonra ediləsi bir şey yoxdur. Sevinirəm ki, azərbaycanlı uşaqlar "Herta" kimi komanda ilə oynaya biləcək gücdə olduqlarını hamıya göstərdilər. 

- Turu keçmək şanslarını necə dəyərləndirirsiniz? Yəqin, siz də razılaşarsınız ki, çox çətin olacaq.
- Əlbəttə, çox çətin görünür. Çünki qarşınızdakı çox səviyyəli komandadır. Amma futbolda mümkünsüz heç nə yoxdur. Bizim də yaxşı futbolçularımız var. Təbii ki, gedib səfərdə onları udmaq çox çətin olacaq. Turu keçmək üçün ən azı 3 qol vurmalıyıq. Açığı, ümidsiz deyiləm. 3 qol vurmasaq da, onları udub gələ bilərik.

- Ümumiyyətlə, "Herta" kimi komandaları məğlub etmək üçün bizə çoxmu vaxt lazımdır?
- Baxın, indi bu işə girsək, içindən çıxa bilmərik. Əvvəlcə AFFA-dan, onun təşkil etdiyi liqalardan, səviyyədən danışmalıyam. Bilirsiniz ki, hazırda Azərbaycanda cəmi bir futbol akademiyası var. Biz harda oynayırıq? Azərbaycan liqasında. Gəlin, bizim aşağı liqalarda oynadımız oyunlara baxın. İnandırım sizi ki, matç 23:0 bitir. Sizcə, belə oyun, hesab olar? Təsəvvür edin, qarşınızdakı komandanın səviyyəsi o qədər aşağıdır ki, futbolçularımız qol vurandan sonra sevinmirlər. Əvvəlcə bu səviyyəni yüksəltməlisən. Yalnız bu halda beynəlxalq turnirlərdə uğurlu çıxış edə bilərsən. Almaniya liqasında oynasaq, bizim uşaqlarımızın da səviyyəsi yüksək olar. Yəni, burada istedadlı futbolçunun da səviyyəsini artırmaq şansımız yoxdur. Yalnız öz liqalarımızda rəqabət artarsa, Avropa klubları ilə eyni sırada ola bilərik. Bunu isə AFFA etməlidir.

- Əslində bununla bağlı sual verəcəkdim, sadəcə, siz məni bir az qabaqladınız. Uşaq futbolundakı problemləri necə aradan qaldırmaq olar? Sizcə, yalnız liqalarda rəqabəti artırmaqla bu, mümkündürmü?
- Əvvəlcə aşağı liqalarda çıxış edən komandalara yaxşı meydançalar, təlimatçılar vermək, onları futbola aid hər şeylə təmin etmək lazımdır. Amma etmirlər. Ona görə də uşaq futbolu sürünür. Bu, olduqca genişmiqyaslı və uzunmüddətli prosesdir. Qısa vaxt ərzində həll olunası məsələ deyil. Planlı şəkildə bunu çox rahat həyata keçirmək olar. Hər şey AFFA-nın öz əlində olsa da, bunu nədənsə etmir. Oynadığımız meydança və komandaların çox problemlidir.

- AFFA-da uşaq futboluna Bernhard Lippert nəzarət edir. Almaniyalı mütəxəssis başda olmaqla, federasiyadan oyunlarınıza gələn, aşağı liqalarla maraqlanan olurmu?
- 11 ildir Qəbələdəyəm, Lipperti burada çox az görmüşəm. Amma dünən burada olmalı idi. Çünki çox vacib oyuna çıxmışdıq. Gəlib azərbaycanlı uşaqları iş başında görmək, onların vəziyyəti ilə maraqlanmaq lazım idi. Şəxsən mən görmürəm. Hərdən yalnız Bakıdakı oyunlara gedirlər. Məncə, rayonların heç birinə getmirlər.

- Gənclər Liqasını "Şerif"i mübarizədən kənarlaşdırıb tarixi uğur qazandığınız oyundan sonra AFFA-dan kimsə zəng vurub təbrik etdmi?
- Yox. Elxan Məmmədov, sadəcə, klubun vitse-prezidenti Fariz Nəcəfova zəng vurub təbrik etmişdi. Ancaq başqa cür münasibət gözləyirdim. Ən azından oyuna gəlib, futbolçulara dəyər verildiyini göstərmək olardı. AFFA-dan bu oyuna təyinat alanlardan başqa heç kim gəlmədi. Bu uşaqlar bizim gələcəyimizdir. Sabah milli komandada oynayacaqlar. Onlara dəyər verdiyimizi göstərməliyik ki, hansısa yerlərə gəlib çıxa bilsinlər.Ancaq heç kim bunu göstərmir.

- İstər nəticə, istərsə də başqa səbəblərdən "Qəbələ"nin əsas komandasında müəyyən problemlər oldu. Bu, akademiyaya necə təsir etdi?
- Həm maddi, həm də mənəvi tərəfdən bizə heç bir təsiri olmadı. Eyni qaydada yolumuza davam edirik.

- Bu gün "Qəbələ"nin aşağı yaş qruplarında kifayət qədər istedadlı futbolçular var. Necə düşünürsünüz, bir müddətdən sonra onlar da itib-batmayacaqlar?
- Bu, bizim əlimizdə olan məsələ deyil. Hazırda aşağı yaş qrupları üzrə milli komandaların əsasını "Qəbələ"li futbolçular təşkil edir. Nəyin necə olacağını gələcək göstərəcək. Bir çox istedadlı futbolçunun itib-batdığını da gördüm, orta səviyyəli futbolçunun illərdir oynadığını da. A komandada bu uşaqlara şans verilsə, yolları açıq olar, Azərbaycan futboluna qazandırılar. Ümid edək ki, hər şey istədiyimiz kimi olar və bir neçə ulduz futbolçumuza Avropada çıxış etmək qismət olar.

- Əvvəllər "Qalatasaray"ın da akademiyasında işləmisiniz. Bu komandada Arda Turan, Əmrə Çolak, Semih Kaya kimi futbolçular yetişdirmisiniz. Hazırda "Qəbələ"də belə istedadlı uşaqlar varmı?
- İnanırsınız, Ardadan, Əmrədən daha istedadlı futbolçularımız var. Amma bayaq sadaladığımı səbəblərə görə özlərini inkişaf etdirə bilmirlər. Ən əsası, rəqabət olmalıdır. Azərbaycan liqalarında isə bu, yoxdur. Türkiyənin aşağı liqalarında isə var. Yaxşı futbolçu yetişdirmək üçün rəqabət olmalıdır. 23:0 hesabı ilə qalib gələn futbolçudan nə gözləmək olar? Özünü çox güclü hesab edir, mübarizə aparmır, bacarığını tam göstərə bilmir. İnkişaf üçün yalnız istedad kifayət etmir. Bütün bunlar bir araya gəlməlidir ki, ortaya nəsə çıxara biləsən (qol.az).