Bizim futbol

Riçard Almeyda yenidən zirvədə

UEFA Millətlər Liqasının 4-cü turunun oyunlarından sonra yeni statistik göstəricilər açıqlanıb.

Dsport.az xəbər verir ki, Malta ilə qarşılaşmadan sonra (1:1) Azərbaycan millisinin üzvü Riçard Almeyda dəqiq ötürmə sayında liderliyini qoruyub. O, Malta ilə matçda 83 dəqiq ötürmə verib. Bununla da, 30 yaşlı futbolçu keçirdiyi 4 oyunun yekununda 298 ötürmə ilə ilk pillədə qərarlaşıb.

Azərbaycan yığmasının digər üzvü Qara Qarayev isə bu göstəricidə 276 ötürmə ilə ikinci yerdədir. O, Malta ilə matçda 75 dəqiq ötürmə verib.

Malta yığmasının üzvü Endryu Hoqq və San Marinonun qapıçısı Elia Benedettini "seyv” sayında zirvədədirlər. Onlar 24 dəfə komandalarını qoldan xilas ediblər.

Bombardirlər siyahısına belçikalı Romelu Lukaku ilə serbiyalı Aleksandar Mitroviç başçılıq edir - hərəyə 4 qol.

Ən çox qol ötürməsi edənlərin siyahısında ispaniyalı Marko Asensio ilk pillədə qərarlaşıb. O, 4 məhsuldar ötürmə edib.