Bizim futbol

“Mənə o yaşda Mahirdən güclü azərbaycanlı futbolçu adı çəkin!”

“Səbail”in və Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov tənqidlərə məruz qalan Mahir Mədətova dəstəyini nümayiş etdirib. O, sosial şəbəkə hesabında futbolçuya görə azarkeşlərə müraciət edib.
 
Qurbanov gənc futbolçuya dəstək olmağın vacibliyini bildirib və onun çox istedadlı olduğunu vurğulayıb: "Əziz azarkeşlər! Bu gün bizi canlı dəstəkləmək üçün stadiona gəldiyiniz üçün təşəkkür edirik. Çoxlu təhlükəli vəziyyətlər yaratmağımıza baxmayaraq, top rəqibin qapısından keçmək istəmirdi. Bu, futboldu və hərdən də belə olur. Yaratdığımız qol vəziyyətlərinin sayını özünüz də gördünüz. Mən sizə Mahir Mədətovla bağlı müraciət etmək istərdim.
 
O, bu gün çox gözəl oyun keçirdi və qol ötürməsi də verməyi bacardı. Buna baxmayaraq, siz onu əvəz olunduğu zaman fitə basdınız. Unutmayın ki, onun 22 yaxşı var və o, bundan sonra da inkişaf etməyə davam edəcək. Mən əminəm ki, gələcəkdə Mahir möhtəşəm bir futbolçu olacaq. Nəyə görə onun "Kopenhagen"ə qarşı oyunda vurduğu qolu unutdunuz? O qoldan sonra bütün ölkə "Qarabağ"ın futbol tariximizdə yeni səhifə yazdığına sevinirdi. Nə üçün bunu yaddan çıxarmısız? Mənə o yaşda Mahirdən güclü bir azərbaycanlı futbolçu adı çəkin! Məncə, beləsi yoxdur! Gəlin, bir-birimizə qarşı daha həssas olaq, çünki biz sizin üçün meydana çıxıb sona qədər mübarizə aparırıq və sizi həmişə qələbələrimizlə sevindirmək istəyirik. Unutmayın ki, bizim üçün bu yolda ən vacib sizin dəstəyinizdi. Gəlin, hamımız bir anlıq özümüzü Mahirin yerində təsəvvür edək. Mən əminəm ki, çoxları onun yerində olsaydı, çoxdan təslim olardı, amma o, güclü insandı və sizin dəstəyinizlə daha da güclü olacaq. Bir daha hər kəsə göstərdiyi dəstək üçün təşəkkür edirəm. Biz sizi sevindirmək üçün həmişə bacardığımızı etməyə çalışacağıq, bizim sevimli azarkeşlərimiz!"
 
Mahir Mədətov millinin Maltaya qarşı Millətlər Liqası oyunundakı (1:1) çıxışına görə tənqid hədəfinə çevrilib. O, əvəzlənərkən azarkeşlər tərəfindən fitə basılıb. Matçdan sonra həm də "Qarabağ"ı çalışdıran yığmanın baş məşqçisi Qurban Qurbanov təzyiqlərə görə gənc oyunçunun paltardəyişmə otağında ağladığını bildirib.