Bizim futbol

“Komandamın oyunundan çox razı qaldım”

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə 1:1 hesablı bərabərliyə nail olan Malta yığmasının baş məşqçisi Rey Farruciya mətbuat konfransı keçirib.

Dsport.az xəbər verir ki, 63 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb:

- Yetirmələrim yaxşı oynadılar. Azərbaycan çox yaxşı komandadı. Rəqib meydanında həm qol vurduq, həm xal qazandıq. Səfərdən gəlmişdik, bu da komandamın performansından daha çox razı qalmağımı şərtləndirdi.

- Kosovoya 1:3 hesablı məğlubiyyətdən sonra xeyli tənqidə məruz qalmışdınız. Bu gün isə reytinq cədvəlində daha yüksək pillədə qərarlaşan komandadan xal qopardınız...
- Tənqid həyatın bir hissəsidi. Hər kəsin bizi tənqid etmək haqqı var. Bu cür tənqidlər məni daha da gücləndirir. Xeyli sayda gənc futbolçu cəlb etmişik və bu yolu davam etdirəcəyik.

- Gənclərin çıxışından razı qaldınız?
- 10 ildən sonra fəlsəfəmizi dəyişmişik. Bu oyundan çox razı qaldım. Nəzərə alsaq ki, Azərbaycan fantastik komandadı və yetirmələrim hücuma getməkdən çəkinmirdilər, nəticədən xeyli razıyam.

- Oyundan öncə də komandanıza inandığınızı bildirirdiniz. Bu inam nədən qaynaqlanırdı?
- 12 illik təcrübəm var. Məni tanıyanlar bilir ki, heç vaxt təslim olmuram.

- Qrupdakı hər iki xalı Azərbaycandan aldınız. Millimizin zəif nöqtəsi nədi ki, komandanızı məğlub edə bilmədik?
- Hər oyunun öz hekayəsi var. Komandanız çox yaxşı rəqibdi. Fikrimcə, ən yaxşı oyunumuzu Farerə qarşı keçirmişik. Bu oyunda komandamı sərgilədikləri əzmkarlığa görə təbrik etmək istəyirəm.

- Növbəti iki oyunu evdə keçirəcəksiniz. Həmin matçlardan gözləntiləriniz nədi?
- Bizim üçün hər oyunçunun hazır olması lazımdı. Növbəti oyunları səbirsizliklə gözləyirik.

- Bu görüşü futbolçularınızın vaxt uzatması hesabına qazandığını qəbul edirsinizmi?
- Bu, futbolun bir hissəsidi. Epizodların birində iki futbolçu baş-başa dəydi. Ümumilikdə isə futbolçularımdan razı qaldım. (Sport24)