Bizim futbol

Qurban Qurbanov: “Yaxşı nəticə üçün yaxşı oyun sərgiləməliyik”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində qarşılaşacaqları Malta ilə oyun öncəsi mətbuat konfransı keçirib.

Dsport.az xəbər verir ki, 46 yaşlı mütəxəssislə yanaşı yığmanın müdafiəçisi Maksim Medvedev (M.M) də iştirak edib.

- Hər bir oyun çox vacibdi. Arxada qalan hər bir görüş növbəti matçların sayının azalması deməkdi. Oyunun vacibliyini hər birimiz dərk edirik. Rəqib fərqli dəst-xətt nümayiş etdirir. İnanıram ki, uşaqlar sabah ən yaxşı oyunlarından birini göstərməyə çalışacaqlar və bunu bacaracaqlar.
- (M.M.) Ağır səfərdən qayıtmışıq. Malta ilə görüş Farerə qarşı matçdan da çətin olacaq. Komandada atmosfer çox yaxşıdı.

- “Qarabağ”la oyunda futbolçuları daha yaxşı futbola kökləyirdiniz, çünki rəqiblər elitardı. Millidə isə nəticə tələb edirsiz. Komandalar arasında fərqli tələblər irəli sürmək həm sizdə, həm komandada çaşqınlıq yaratmır?
- Yaxşı nəticə qazanmaq üçün yaxşı futbol oynamalısan. Ola bilər ki, “Qarabağ”la milli arasında müəyyən fərqlər olur. Ancaq yaxşı nəticə üçün yaxşı da oynamalısan.

- Farer adaları ilə matçla müqayisədə start heyətində çoxmu dəyişiklik gözlənilir?
- Yəqin ki, heyətdə dəyişklik olmayacaq. Açığı, əsas məşqimiz sabah olacaq. Dünən və bu gün futbolçuların yorğunluğunu nəzərə almışdıq. Sabah səhər məşqindən sonra heyəti müəyyənləşdirəcəyik.

- Kosovonun qapısına yol tapan yeganə komandaya qarşı oynayacaqsız. Sabahkı görüşdə Maykl Mifsudun yoxluğunu üstünlüyümüz hesab edirsinizmi?
- Maltanın yaxşı əks-hücumları var. Onlar bizim də qapıya yeganə qolun müəllifləridilər. Əlbəttə, qol buraxmamaq üçün çox diqqətli olmalıyıq. Deməzdim ki, Mifsudun yoxluğu problemdi. Amma ona böyük simpatiyam var. 37 yaşda bu qədər hərəkət etmək komanda yoldaşlarına da bir nümunədi. Onun yoxluğuna sevinmirəm. Çünki hər bir rəqibin optimal heyətlə oynamasını arzulayıram. Bütün hallarda Mifsud Malta üçün çox vacib oyunçudu.

- Rüfət Dadaşovun oyunu hamı tərəfdən bəyənildi. Daha öncəki oyunlarda onu dəvət etmədiyinizə görə, təəssüflənmirsiz?
- Xeyr. Biz bütün oyunçuları izləyirik. Ən yaxşı formada olanda dəvət edirik. Futbolçu sayımız məhduddu və təəssüf ki, hətta ideal formada olmayanları da bəzən dəvət edirik. 

- Maksim, necə hesab edirsən, 3:0-lıq qələbədən sonra millimiz haqq edibmi ki, sabah Bakı Olimpiya Stadionu 60-70 faiz dolsun?
- Əlbəttə, nə qədər çox fanat gəlsə, bizə bir o qədər xoş olacaq. Çünki azarkeş dəstəyinə böyük ehtiyacımız var. İnanıram ki, 3:0-lıq qələbə onları da həvəsləndirəcək. Biz də öz növbəmizdə azarkeşlərimizi qələbəylə sevindirməyə çalışacağıq. (Sport24)