Bizim futbol

Millimiz üçün uğursuz hakimin Bakıya 5-ci səfəri

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan və Malta yığmaları arasında keçiriləcək oyunun baş hakimi təyin olunan İvan Bebek azərbaycanlı futbolsevərlər üçün kifayət qədər tanış referidi.

Dsport.az xəbər verir ki, 41 yaşlı xorvatiyalı hakim üç dəfə Azərbaycan klublarının avrokubok oyununda, bir dəfə isə məhz yığma komandamızın matçında iş başında olub. Maraqlıdı ki, onun bütün təyinatları komandalarımızın ev oyunlarına təsadüf edib. Bir sözlə, xorvatiyalı referi karyerası ərzində 5-ci dəfə Azərbaycan paytaxtına səfər edəcək.

Bebek ilk dəfə 2005/06 mövsümündə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin İslandiya “Habnarfyordyur”unu 2 cavabsız qolla üstələdiyi qarşılaşmanı idarə edib.

Onun Bakıya ikinci səfəri AÇ-2008-in seçmə mərhələsi çərçivəsində baş tutub. Belə ki, Bebek Azərbaycan yığmasının Portuqaliyaya 0:2 hesabı ilə uduzduğu oyunda da fit çalıb. Xorvatiyalı referi həmin matçın 55-ci dəqiqəsində Rauf Əliyevə qırmızı vərəqə göstərib. 

“Qəbələ”nin Avropa Liqasının 2015/16 mövsümünün qrup mərhələsi çərçivəsində Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:3 hesabıyla uduzduğu görüşdə də İvan baş hakim olub.

Xorvatiyalı hakim sonuncu dəfə 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın evdə İtaliya "Fiorentina"sına 1:2 hesabı ilə məğlub olduğu oyunu idarə edib. 

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta matçına saat 20:00-da start veriləcək.