Bizim futbol

Dadaşov: “Millidə rəqabətin hansı səviyyədə olduğunu hələ bilmirəm”

Futbol üzrə Azərbaycan millisinin və Almaniyanın 3-cü liqa klubu "Proyssen"in hücumçusu Rüfət Dadaşov “Bild” nəşrinə müsahibə verib.

Dsport.az xəbər verir ki, Rüfət müsahibəsində uzun müddət sonra yığma komandaya qayıdışı haqda da danışıb:

- Milliyə dəvət aldığın üçün təəccübləndin?
- Yenidən millidə oynamağı xəyal edirdim. Dürüst olmaq lazımdırsa, belə tez dəvət alacağımı gözləmirdim. "Proyssen" klubuna və məşqçi heyətimizə təşəkkür edirəm.

- Əsas heyətə düşmək imkanlarını necə qiymətləndirirsən?
- Əlbəttə, oynayacağıma inanıram. Amma yığmada rəqabətin hansı səviyyədə olduğunu hələ bilmirəm. Uzun müddətdi yığmadan kənarda qalmışam və yeni oyunçuları tanımıram.

- "Proyssen"in sabiq futbolçusu Dmitri Nazarov da milliyə dəvət alır...
- Nazarovla birgə Bakıya gəlmişik. Biz yaxşı dostuq. Millinin toplanışlarında eyni otaqda qalırıq.

- Bakıda anadan olmusan və ailən hazırda orda yaşayır. Onlarla görüşmək imkanın oldumu?
- Bəli, bura gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşdim. Hər kəsi yenidən görmək çox gözəl idi.

- Millətlər Liqasının növbəti turunda oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşacaqsız. Komandanızı nə gözləyir?
- Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik.