Bizim futbol

Roberto Bordin: “Peşmanam”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Dsport.az xəbər verir ki, italiyalı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

- Rəqib bu gün ciddi müqavimət göstərdi. “Zirə” qalib gəlmək əzmində idi. Qeyd edim ki, rəqib haqq etdiyi mövqedə deyil. Biz bu gün yaxşı oynadıq.

- Samir Abasovla aranızdakı mübahisəyə aydınlıq gətirməyinizi istəyərdik…
- Bunu konflikt kimi qələmə verməzdim. Sadəcə, anlaşılmazlıq yaşandı. Düşünürəm ki, həm mən, həm də həmkarım bu hərəkətimizlə komandalarımıza fayda vermədik. Peşmanam.

- Mirabdulla Abbasovu millimizdə görürsünüzmü və həmkarınız Qurban Qurbanov sizdən məsləhət alsa, belə bir tövsiyə edərsinizmi?
- Komandamdan istənilən futbolçu milliyə dəvət alırsa, bu, məni sevindirir.

- Qol vurduqdan sonra müdafiəyə çəkilirsiz. Müdafiədə isə etibarlı oynamırsız. Ümumiyyətlə, komandanız hesabda önə keçdikdən sonra müdafiəyə çəkilmək sizin tapşırığınızdı?
- Futbol müdafiə və hücumdan ibarətdi. Qol vurduqdan sonra da hücumlar qurduq. Ümumilikdə komandam yaxşı oyun göstərdi.

- İlk turlarla müqayisədə, hücum xəttində yetərincə rotasiyalara əl atdınız. Bunu nəylə izah edə bilərsiz?
- Məşqlər ərzində özlərini ən yaxşı tərəfdən göstərən futbolçulara şans tanıyırıq. Bizi sevindirir ki, rotasiyalar üçün əlimizdə yetərincə futbolçu var. (Sport24)