Bizim futbol

Aftandil Hacıyev: “Oyunumuzda inkişaf var”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Dsport.az xəbər verir ki, paytaxt təmsilçisinin gənc çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

- Oyun həqiqətən maraqlı keçdi. Əsasən ikinci hissədə daha çox hücum etdik. Get-gedə komandamız oyununu tapır. Fikrimcə, ilk turdan indiyədək oyunumuzda inkişaf var. Getdikcə daha da artırmalıyıq. Komandamdan razı qaldım. Hər oyun bu cür çətin olur. Heç bir komanda uduzmaq istəmir. "Sabah"a uğurlar arzulayıram. Azərbaycan futbol ictimaiyyətini təəccübləndirməyi bacarıb.

- Demək olarmı ki, bu gün 1 xal qazanmadınız, 2 xal itirdiniz?
- Əlbəttə. bu yaxşı oyunla 3 xal qazanmaq yaxşı olardı. Ancaq bu gün xal qazanmışıqsa, altivimizə 1 xal gəlir. Oyunumuzu yaxşılaşdırsaq, səfərdə də qalib gələ bilərik. Qol epizodlarının istifadəsi üzərində daha çox işləməliyik. Şanslarımızdan yararlana bilməmək ustalıq səviyyəsi ilə bağlı da ola bilər, bəxtsizliklə də.

- Meksikalı legioneriniz Paçeko ən yaxşılardan idi, ancaq onu əvəzlədiniz. Özü də sanki narazı idiniz...
- Paçekonun əvəzlənməyi oyunuyla bağlı deyildi. Ayağında ağrı vardı. Risk etmək istəmədik. Rəqibin əks-hücumlarının qarşısını almağımız lazım idi. "Sabah" əks-hücumlarda təhlükəlidi. 

- Hər dəfə Fəhmin Muradbəylini Aqşin Qurbanlı ilə əvəzləyirsiniz. Bu, 21 yaş limitinə görədi, yoxsa..?
- Fəhmin son vaxtlar həm yığmada, həm də U-21-də çox çalışıb. Bu gün də bacardığı qədər gücünü ortaya qoydu. Onun əvəzlənməsi başqa bir şeylə bağlı deyil. Aqşin də 21 yaş limitli futbolçularımızdan biridi. (Sport24)