Bizim futbol

Rəşad Sadıqov: “Uğursuzluq olsa, özüm çıxıb gedəcəm”

Azərbaycanın U-21 yığmasının baş məşqçisi Rəşad Sadıqov AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Norveç yığmasına 1:3 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. 

Dsport.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə "Dalğa Arena"dakı matç haqda danışıb:

- Güclü komandaya qarşı oynadıq. Rəqibə layiqli müqavimət göstərməyə çalışdıq. Qrupumuzda iki favorit var - Norveç və Almaniya. Onlar almanları artıq məğlub ediblər. Bu gün iki futbolçuları oynamırdı, çünki əsas yığmalarına cəlb olunub. Pis oynamadıq. Rəqib üstünlüyə malik idi ki, bu da gözlənilirdi. Futbolçularımızın istəklə və sonadək mübarizə aparmaları sevindiricidi. Ümumilikdə komandamdan razıyam. 

- U-21 yığmanız Birinci Diviziona buraxılsaydı, daha yaxşı omazdı?
- Birinci Divizion elə səviyyədə turnir deyil ki, ora bu komandanı buraxasan. Bundan dividient almayacağıq. Premyer Liqada oynasaydı, bu, bizə kömək olardı

- Hansısa qapıçını milliləşdirmək istəyiniz var?
- Bu haqda düşünmürəm. Kamran İbrahimov potensiala malik qapıçıdı. Bu gün o, səhv etdi, ancaq ona etimad göstərirəm. Səhvlər üzərində öyrənirsən. Onu özüm bilərəkdən belə oyunlara buraxıram ki, "bişsin".

- Barış millimizin UEFA Millətlər Liqasında oktyabrdakı matçlarına dəvət ala bilər?
- İstərdim ki, futbolçularımdan kimsə çağırılsın. Barış ilk dəfə U-21-də əsas heyətdə meydana çıxdı. Ümid edirəm ki, növbəti tsikldə daha güclü yığmamız olacaq.

- Milli komandamız Millətlər Liqasında uğursuz starta görə çox tənqid olunur...
- Həmişə olduğu kimi, nəticə yoxdursa, tənqid var. Qələbə varsa, tərif olacaq. Bizdə futbolu düzgün təhlil etmirlər. Çoxlu kadr itkimiz vardı, oynayanlar yaxşı formada deyildi. Mübarizə apardılar, daha yaxşı oynaya bilərdilər. Ümid edirəm ki, növbəti matçlarda formada olacaqlar. Farer adalarıyla matç finala bərabər olacaq. Nəticə olsa, vəziyyət dəyişəcək. Çünki bundan sonrakı 2 matçı evdə keçirəcəyik. 

- Millidə lider yoxdu. Əsas yığmaya qayıtmağınız mümkündü?
- Çətinliklərdən qorxmuram. Lazım olsam, yenidən millidə oynayacağam. Ancaq indi belə kritik ehtiyac yoxdu. Hələ ki, burda lazımam, Ona görə Azərbaycan futbolunda bu sahədə fayda verməyə çalışıram. Uğursuzluq olsa, özüm çıxıb gedəcəm. (Sport24)