Bizim futbol

Qurban Qurbanov: “1 xal qazansaq da, 2 xal itirdik”

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Maltada bərabərliklə bitən görüşdən (1:1) sonra yığma komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. 

Dsport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb:

- Qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik. Nədən narahat idimsə, bu da oldu. Bir çox oyunçuların durumundan narahat idim. Görüləsi işimiz çoxdu. Fərdi qaydada hər bir futbolçunun üzərində görüləsi işlər var. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm.

- İki oyuna iki xal hər birimizi narahat edir. Söhbət qrup qalibi olmaqdan gedir. Özünüz necə, bu narahatlığı bölüşürsüzmü? Azarkeşlərə nə deyə bilərsiz?
- Burda işləyirik ki, nəticə verək. Hər bir halda düşünürəm ki, digər komandaların da itkiləri olacaq. Qalan 4 oyunda qalib gələcəyimiz təqdirdə, uğura imza ata bilərik. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq.

- Hakimliklə bağlı fikir bildirməyə bilərsiz. Rəqibin feyr-pley qaydalarına riayət etməməsinə münasibətiniz?
- Bunu bəhanə etməməliyik. Ancaq Bakıda da, burda da dediklərinizin şahidi olduq. Əlbəttə, bu cür vaxt öldürülməsi oyunun tempini aşağı salır. Deyə bilmərəm ki, hakim buna diqqət yetirsəydi, nəticə dəyişəcəkdi. Lakin hər kəs bunları gördü. (Sport24)