Bizim futbol

Qurban Qurbanov: “Bura qələbə üçün gəlmişik”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Malta ilə sabah səfərdə baş tutcaq oyun öncəsi mətbuat konfransı keçirib. 

Dsport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis media mənsubları qarşısına millinin yarımmüdafiəçisi Riçard Almeyda ilə (R.A.) birlikdə gəlib.

- Bilirik ki, olduqca vacib səfərə gəlmişik. Bizim üçün də, rəqib üçün olduqca önəmli oyundu. Farer adaları - Malta oyununa baxmışam. Əslində 1:3 hesablı məğlubiyyətə layiq deyildilər. Demək olar ki, oyuna hazırlaşmaq üçün vaxtımız olmayıb. Bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, sabah istədiyimiz oyunu sərgiləyə biləcəyik.

- (R.A.) Bizim üçün məsul görüşdü. Vacib oyuna hazırlaşmışıq. Çalışacağıq ki, baş məşqçimizin tapşırıqlarını yerinə yetirək. Ümid edirəm müsbət nəticə qazanacağıq.

- Maltada xüsusi nələri qeyd edə bilərsiz? Kosovo ilə müqayisə edə bilərsizmi?
- Fərqli bir sistemlə oynayırlar. Heç vaxt hansısa futbolçunun adını çəkməmişəm. Son zamanlar daha uğurlu nəticələrə imza atırlar. Sürətli futbolçuları var. Heç bir komanda burda məğlub olmaq istəmir. Çalışacağıq müsbət nəticə əldə edək.

- Riçard, rəqib komandanın baş məşqçisi səni xüsusi qeyd etdi. Maltanı da təəccübləndirmək üçün arsenalında əlavə güc varmı?
- Bizi sabah çətin oyun gözləyir. Komandamız əla oynamalı, məşqçinin tapşırıqları yerinə yetirməlidi. Tək mənimlə iş bitmir.

- Qurban müəllim, “müsbət nəticə” dedikdə qələbəni nəzərdə tutursuz?
- Bəli, bura qələbə qazanmaq üçün gəlmişik. Hərçənd, futbolda planlaşdırılmayan nəticələr də olur. Biz qələbə üçün əlimizdən gələni edəcəyik. Komandanı maksimum hazırlayırıq.

- 3 il əvvəl 2:2 başa çatan oyunu təkrarən izləmisiniz?
- Xeyr, ehtiyac duymadım. Rəqibin son oyunlarını izləmişəm.

- Kosovo ilə oyunla müqayisədə, heyətdə dəyişiklik gözlənilirmi?
- Ciddi yox, amma müəyyən dəyişikliklər gözlənilir.

- Riçard, “Astana”dakı durumundan narazı olmağın barədə və qışda ayrılacağın haqda söhbətlər dolaşır...
- Xeyr, “Astana”dakı durumumdan razıyam. Qışda ayrılacağım barədə informasiyaya sahib deyiləm. (Sport24)