Bizim futbol

Ayxan Abbasov: “Bir səhvi böyütmək olmaz”

"Debüt matçları ağır olur. Bu, bizim ilk oyunumuz idi. "Keşlə" isə ilk turda uduzduğundan, daha aqressiv görünürdü. Heyətdə dəyişikliklər etmişdilər. Yaxşı hazırlaşmışdıq. Hesab hətta 3:0 ola bilərdi. "Keşlə"nin əsas təhlükəsinin standart vəziyyətlər olduğunu bilirdik. Çünki ucaboy futbolçuları var. Qol buraxmasaydıq, bizim üçün daha asan ola bilərdi. İstəyərdik ki, ilk turu 3 xalla başa vuraq. Ancaq alınmadı. Çatışmazlıqlarımız, zədəlilərimiz var. Bilirik ki, bu çempionat daha gərgin keçəcək. Bir-iki komandanı çxısaq, hamının gücü bərabərdir. Futbolçulara ruhdan düşməməyi tövsiyə edirəm".

Dsport.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının 2-ci tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis sualları cavablandırıb...
 
- Düşünmürüsünüz ki, rəqibin təzyiqinin altından çıxa bilmədiniz?
- Yox. İlk dəqiqələrdə gərginlik olur. Oyunun sonunda rəqibin əvəzetmələrinə baxsaq, demək olar ki, 3 hücumçu ilə çıxış edirdilər. "Keşlə"nin itiriləsi bir şeyi yox idi. Hamılıqla hücuma atılmışdılar. Bu anda əks-hücumlarda qol vurmağımız lazım idi. Müdafiəçilərimiz təkbətək mübarizələrin çoxundan qalib ayrıldı. Daha soyuqqanlı olmalı idik.

- Serbiyalı rəqib həmkarınız Mladen Milinkoviç dedi ki, oyuna nəzarət "Keşlə"də olub. Sizcə, nəticə oyuna görə oldu?
- Futbolda hərənin bir baxışı var. Hansı komanda çox qol epizodu yaratdı? İlk hissə 3:0 xeyrimizə nəticələnə bilərdi. Rəqib üçün planlaşdırılmayan oyun oldu. Tez qol vurmağımız "Keşlə"nin aqressiyasını artırdı. Məncə, maraqlı matç oldu. Meydança ağır olsa da, sürətli matç alındı. Nəticə ədalətli oldu.
 
- Milliyə çağırılan Anar Nəzirovun uğursuz oyunu nə ilə bağlıdı?
- Bəzi oyunlarda belə olur. Anar bizim kapitandır. Bir səhvi böyütmək olmaz. Nəzirovun yaxşı oyunları olub. Çatışmazlıq hamıda var.  
 
- Pərdis Fərcad-Azadı siz belə motivasiya etmişdiniz, yoxsa özü-özünü?
- O, ötən mövsüm bizimlə matçda bütün müdafiəçilərimizi zədələmişdi. Bu gün isə Pərdisə güvənirdik. Mənə deyirdi ki, "Keşlə"də ona qarşı çox haqsızlıq olub. Ancaq karyerasında bir səhifə bağlanıb, artıq irəliyə - "Zirə"yə baxmaq lazımdır. Ola bilər ki, daha motivasiyalı olsun. Pərdisdən həmişə belə oyun görmək istəyirəm.

- Düşünmürüsünüz ki, əvəzetmələriniz hücum xəttini gücləndirmədi?
- Elə düşünmürəm. Gözləmədimiz halda, Mirsahib Abbasovun ayağında ağrıları oldu. Ona hətta 2 gün istirahət vermişdim. Qorxdum ki, Abbasovu da zədə üzündən itirə bilərəm. Pərdis yorulmuşdu. Məncə, Budaq Nəsirovu da qazanmaq lazımdır. Onda oyun praktikası azlığı var. Oyun tempi başqa cür idi, meydana girən futbolçular üçün çətin oldu.
 
- İkinci hissədə hiss olundu ki, komandanızda "vuran ayaq" yoxdur...
- İnanmıram ki, hansısa baş məşqçi futbolçularına "qapıya zərbə vurmayın" desin. Qısa ötürmələrlə rəqibin cərimə meydanına gəldik. Qol epizodlarımız oldu. Yorğunluq öz sözünü dedi. Bu zaman futbolçu düzgün qərar verməkdə çətinlik çəkir. (Sportnet)