Bizim futbol

“Zirə”nin Premyer Liqada 4-cü startı

27-ci Azərbaycan çempionatı “Zirə”nin tarixində elitada 4-cü mövsüm olacaq.

Dsport.az xəbər verir ki, Premyer Liqada 2015-ci ildə debüt edən bu komanda indiyədək 3 dəfə güclülər sırasında mübarizə aparıb. Hesabında 1 gümüş medal olan “Zirə” iki dəfə 4-cü yeri tutub.

Bu müddətdə 92 qarşılaşmaya çıxan zirəli futbolçular 39 qələbə qazanıbsa, 28 heç-heçə edib və 25 dəfə uduzublar. Nəticəsi ləğv olunan qarşılaşmadakı qolları saymasaq, komanda 104 top vurub və 87-ni buraxıb.

2015/16
36 17 11 8 42-31 62 - II yer

2016/17
28 10 9 9 26-26 39 - IV yer

2017/18
28 12 8 8 36-30 44 - IV yer

Cəmi
92 39 28 25 104-87 145

Yubiley - 40-cı qələbənin astanasında olan “Zirə” ev oyunlarında daha uğurla çıxış edib. Komanda öz meydanında 25, səfərdə 14 dəfə 3 xala sevinib.

Evdə
46 25 12 9 63-45 87

Səfərdə
46 14 16 16 41-42 58

Arxada qalan 92 görüşdə 56 futbolçu “Zirə”nin formasını geyinib. Bu oyunçular arasında mütləq rekord Viktor İqbekoyiyə məxsusdu – 81 oyun. Daha iki futbolçu 70 oyun səddini adlayıb. Yovan Krneta 72, Adil Nağıyev 71 görüşə çıxıb.

Komandanın vurduğu 104 topdan 4-nə rəqib avtoqolları səbəb olubsa, 100 topa 25 futbolçu imza atıb. Premyer Liqadakı ən məhsuldar oyunçu Nelson Bonilya 14 dəfə fərqlənib. İlk “üçlük”də Riçard Qadze və Milan Duriç də yer alıb. Onlar müvafiq olaraq 8 və 6 dəfə rəqib qapısına yol tapıb.

Premyer Liqa oyunlarında “Zirə”yə iki mütəxəssis rəhbərlik edib. Adil Şükürovun baş məşqçiliyi altında 50 görüşə çıxan qəsəbə təmsilçisi indiki baş məşqçisi Ayxan Abbasovla 42 dəfə çempionat matçında qüvvəsini sınayıb.

“Keşlə” ilə oyun Ayxan Abbasov üçün də əlamətdar olacaq. 37 yaşlı mütəxəssis “Keşlə” ilə ev görüşündə komandanı mövsümdə ilk, karyerasında 50-ci rəsmi matça çıxaracaq.

Öncə “Zirə”nin əvəzedicilərini çalışdıran Abbasov 2017-ci il yanvarın 29-da əsas komandanın “sükanı arxası”nda debüt edib. Qəsəbə təmsilçisi Premyer Liqanın 2016/17 mövsümünün AZAL-la ev oyununda 2:1 hesablı qələbə qazanıb.

“Zirə”nin tarixinə Bəhram Şahquliyevlə Adil Şükürovdan sonra 3-cü baş məşqçi kimi düşən Abbasov indiyədək komandanı 49 matça çıxarıb. Bu oyunlarda 22 qələbə qazanan “Zirə” 15 heç-heçə edib və 12 dəfə uduzub. Bu müddətdə rəqib qapılarından 80 top keçirən komanda 47 qol buraxıb.

Abbasov əsas komandaya 42 çempionat, 3 kubok və 4 avrokubok qarşılaşmasında rəhbərlik edib.