Bizim futbol

“Neftçi” ilə “Qəbələ”nin 46-cı dueli

Bu həftə Topaz Premyer Liqasında 2-ci turun oyunları keçiriləcək. 

Dsport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması “Dalğa Arena”da baş tutacaq. Ötən çempionatın mükafatçıları, cari mövsümə quru hesablı qələbə ilə başlayan “Qəbələ” və “Neftçi” paytaxt təmsilçisinin meydanında üz-üzə gələcək.

Bu, ilk dəfə 12 il öncə üz-üzə gələn rəqiblərin ümumilikdə 46-cı dueli olacaq. Komandalar indiyədək çempionat və kubokda üst-üstə 45 dəfə qarşılaşıb. 16 dəfə qalib gələn “Qəbələ” 11 heç-heçə edib və 18 dəfə uduzub. Lakin “qırmızı-qaralar” top fərqində üstünlüyə malikdi – 58:57.

Bakılıların qapısına vurulan 58 qolun müəllifləri arasında ən məhsuldar oyunçu Baqali Dabodu. Hansı ki, hazırda elə paytaxt klubunun şərəfini qoruyur. Onun hesabında 6 top varsa, Dodo 4, Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan, Ruslan Qurbanov və Stiven Monroz hərəyə 3 dəfə fərqlənib.

Ardıcıl 10 görüşdü heç-heçə etməyən rəqiblərin son iki mövsümdəki matçlarında “Qəbələ” 6, “Neftçi” 4 dəfə qalib gəlib.

Azərbaycan kubokunun 5 oyununda üz-üzə gələn komandalar Premyer Liqada 40 dəfə qarşılaşıb. Hesabında 15 qələbə olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 17 dəfə meydandan xalsız ayrılıb. Çempionatda komandalar eyni sayda – hərəyə 51 qola seviniblər.

“Qəbələ” 23-cü dəfə “Neftçi”nin qonağı olacaq. Bu komanda səfər matçlarında rəqibindən üstündü. Rəqib meydanında 9 dəfə qalib gələn “qırmızı-qaralar” 5 bərabərliklə kifayətlənib və 8 dəfə məğlubiyyətlə üzləşib. Paytaxt təmsilçisinin meydanında 30 qol vuran “Qəbələ” futbolçuları 26 top buraxıblar.

Xatırladaq ki, avqustun 19-da “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 18:30-da başlayacaq.