Bizim futbol

Tural Axundov: “Zəmanə bunu tələb edir”

“Neftçi”nin müdafiəçisi Tural Axundov klubun saytına müsahibə verib.

Dsport.az həmin müsahibəni təqdim edir:

- "Sumqayıt”la oyundan sonra iki gün istirahət etdiz. Artıq növbəti matça hazırlaşırsız. Əvvəlcə şənbə günü keçirilmiş görüşə nəzər salaq.
- Oyun bizim üçün çətin alınsa da, əsas qələbə qazanmaq idi. Şadam ki, buna nail olduq.

- Düzdür, üç xal qazana bildiz, amma komandanın göstərdiyi oyun heç də birmənalı təsir bağışlamadı.
- Razıyam. Bunu həm biz futbolçular, həm də məşqçi deyir. Fikrimcə, səbəb psixoloji vəziyyətimizlə bağlı deyil. Ola bilsin, kimdəsə start həyəcanı oldu. Yenə deyirəm, əsas odur ki, məqsədimizə çatıb 3 xalı əldə etdik. Oyunumuzu getdikcə yaxşılaşdıracağıq.

- İki fərqli mövqedə çıxış etdiz. Matça müdafiənin sağ cinahında başlasaz da, sonradan dayaq yarımmüdafiəçi zonasına göndərildiz. Hansı mövqe sizin üçün daha rahatdır?
- Təbii ki, cinahda oynamaq daha rahatdır. Amma müasir futbolda hər bir futbolçu istənilən mövqedə oynamağa hazır olmalıdır. Zəmanə bunu tələb edir.

- Hesabınıza iki məhsuldar ötürmə yazdırdız...
- Bəli, karyeramda ilk dəfə bir oyunda iki qol ötürməsi verdim. Əla bir hissdir. Hər futbolçu qol vurmaq istəsə də, həlledici ötürməni verməyin xüsusi bir ləzzəti var.

- "Qəbələ”yə qarşı oyundan nə gözləyə bilərik?
- Meydana qələbə üçün çıxacağıq. Topaz Premyer Liqasında ilk ev oyunumuz olacaq. Düzdür, görüşün Mərdəkanda - "Dalğa Arena”da keçiriləcəyi bəlkə də azarkeşlərin sayına mənfi təsir edəcək. Bununla belə, inanıram ki, azarkeşlərimiz bizi həmişəki kimi dəstəkləyəcək. Biz onlara, onlar isə bizə inanmalıdır.