Bizim futbol

Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Sloveniyanın "Olimpiya" komandası ilə heç-heçə (0:0, ilk oyun 1:0) etdikləri cavab oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Dsport.az xəbər verir ki, təcrübəli müdafiəçi öncə oyun barədə fikirlərini bölüşüb:

- İlk növbədə komanda yoldaşlarımı və azarkeşlərimizi təbrik edirəm. Çox önəmli oyun idi. Püşkdən sonra narahatlığımız var idi. Çünki "Olimpiya" yaxşı komandadı. Bu gün də çox gözəl oyun nümayiş etdirdilər. Bizim futbolçular bu gün sonadək mübarizə apardılar, nəticə üçün əllərindən gələni etdilər. Düşündüyümüz çox şey meydanda alınmadı. Oyundan qabaq Qurban müəllim fərqli tapşırıqlar vermişdi. Daha çox topa nəzarət etməli, kombinasiyalı hücumlar qurmalı idik. Amma rəqib buna imkan vermədi. Bugünkü durumumuzda mərhələni keçmək çox vacib idi. Çatışmayan cəhətlərimiz çoxdu, bunu hamımız bilirik. Problemlərimizin olması heç kəsə sirr deyil. Hamısını sadalamaq istəmirəm. Həmişə yaxşı oyunla nəticə əldə olunmur.

- Əvvəlki "Qarabağ"ı görmək üçün nə lazımdı?
- O "Qarabağ" illərlə qurulmuşdu. Günbəgün o komanda formalaşmışdı. Yenidən elə komanda yaratmaq asan olmayacaq. 10 nəfərlə belə "Çelsi" kimi komanda ilə oyunda topu saxlamağı bacarırdıq. Bu tip şeyləri ola bilər ki, bir müddət görməyək. Hazırda ən vacib olan yavaş-yavaş oyunumuzu düzəltmək və paralel olaraq nəticələr əldə etməkdi.

- Müdafiəçilərin oyunundan razı qaldız? Tez-tez meydanın kənarından iradlarınızı bildirirdiz...
- Müdafiəçilərin hamısına yox, bir epizodda Donald Geryeyə irad bildirdim, arxaya atılan toplarda diqqətli olmasını istədim. Donald bu gün ən yaxşı oyunlarından birini keçirdi. Düşünürəm ki, bu tempdə davam etsə, onu da itirə bilərik, harasa transfer ola bilər.

- Növbəti rəqib "Kukesi"di. "Qarabağ"dan nə gözləmək olar? Artıq çoxları komandanın 3-cü mərhələdə olduğunu düşünür...
- Xeyr, belə deməzdim. Səfərdə qələbə qazanmağımıza baxmayaraq, arxayınlıq yaranmır, komanda boşalmır. Arxayınlaşsaydıq, mərhələni keçə bilməyəcəkdik. Qol buraxsaydıq, bu, bizə baha başa gələcəkdi. Psixoloji, fiziki cəhətdən oyunu dəyişmək çox ağır olacaqdı. Ümumiyyətlə 3-cü, 4-cü mərhələ barədə düşünmürük. Bizim üçün ən vacib olan 2-ci mərhələni keçməkdi. Qismət olarsa, ondan sonra növbəti mərhələni düşünərik. Hazırda əsas fikrimiz "Kukesi" ilə səfərdə keçirəcəyimiz oyundadı. (Report)