Bizim futbol

Abdullah Zubir: “İlk oyun məndə xoş təəssüratlar yaratdı”

“Çətin komandaya qarşı oynadıq. Bilirdik ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün qol buraxmamalıyıq. Birinci hissədə topa nəzarət bizdə oldu. Rəqib topu əldə edən kimi birbaşa qapımıza doğru irəliləyirdi. Əsas odu ki, istəyimizə nail olduq. Qol buraxmadıq və növbəti mərhələyə yüksəldik”.

Dsport.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Olimpiya"sına qarşı keçirdikləri cabab oyunu (0:0, ilk oyun 1:0) barədə danışarkən deyib. 27 yaşlı yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bakıda ilk oyununuza çıxdınız. Azarkeşlər sizə necə təsir bağışladı?
- Çox məmnun qaldım. Birinci oyun məndə xoş təəssüratlar yaratdı. Stadiondakı ab-hava və azarkeşlər yaxşı idi. Azarkeşlər bizi dəstəkləyirdilər və daima irəliyə səsləyirdilər. Həm nəticə, həm də ab-hava mənim çox xoşuma gəldi.

- Futbola futzaldan gəlmisiz. Ona görə həlledici məqamlarda qapıya zərbə vurmaq əvəzinə rəqibi keçmək istəyirdiz?
- Həmişə zərbə vurmaq üçün əlverişli məqam olmur. Qarşımda boşluq olmalıdı ki, zərbə vuram. Ən yaxşısını eləməyə çalışıram.

- "Qarabağ" növbəti turda Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq. "Kukesi"ni keçəcəyinizə inanırsızmı?
-  "Qarabağ"da oynadığıma görə çox xoşbəxtəm. Bu komanda istənilən oyuna yalnız qələbə üçün çıxır. Bizə nəticə lazımdı. Meydana qələbə üçün çıxacağıq. (Report)