Bizim futbol

“Qol buraxmağa haqqımız yoxdu”

“Sabah cavab oyununa çıxacağıq. Birinci matçda 1:4 hesabı ilə uduzduq. Doğma meydanda qələbə qazanmağa çalışacağıq. Səfərdə üstünlük bizdə olsa da, səhvlərdən qapımızda qollar gördük. Ümid edirik ki, sabahkı oyunda sevinən tərəf biz olacağıq”.

Dsport.az xəbər verir ki, bunu "Keşlə”nin məşqçisi Zaur İsmayılov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Malta “Baltsan”ına qarşı keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib. Yuri Maksimovun istefasından sonra baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən İsmayılov daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- 1:4 hesablı məğlubiyyət komandaya daha çox təsir etdi, yoxsa baş məşqçi Yuri Maksimovun istefa verməsi?
- Məğlubiyyət ondan öncə oldu. İki gün sonra isə baş məşqçi istefa verdi. 1:4 hesablı məğlubiyyət bizə daha çox təsir etdi.

- "Keşlə” bu məğlubiyyətin əvəzini çıxa biləcəkmi?
- Rəqib zəif deyil. Bunu hamı gördü. Gərək oyuna istəkli yanaşaq. Onların üstün tərəfləri əks-hücumları idi. Bizim də səhvlərimiz oldu. Gözləmədiyimiz səhvlərdən qollar buraxdıq. Rəqib maksimum şanslardan yararlandı. Biz də əlimizə düşən şanslardan istifadə etməyə çalışacağıq.

- İlk dəfə Avropa Liqasında baş məşqçi kimi komandanı oyuna çıxaracaqsız. "Keşlə”nin oyununda hansı dəyişikliklər olacaq?
- Bu oyunda rəqibin zəif cəhətlərindən maksimum istifadə etmək istəyirik. Onlar, yəqin ki, müdafiə olunacaq.

- "Keşlə”nin itiriləsi heç nəyi qalmayıb. Amil Yunanov və Bahodir Nəsimovu birlikdə meydanda görə bilərikmi?
- Biz hücum futbolu oynayacağıq. Hər şey ola bilər. Hücumda oynamağa məcburuq.

- Maksimovun taktiki planına sadiq qalacaqsız?
- İlk dəqiqələrdən hücuma üstünlük verəcəyik. Rəqib öz meydanında da əks-hücumlara bel bağlamışdı.

- Pərdis Fərcad-Azad komandaya qayıda bilərmi?
- Hazırda transferləri bağlamışıq. Onun da komandadan getməyi məlumdu. O məsələ, hələ ki, bağlanıb.

- Zaur Axundov komandaya necə dəstək olur? Cavab oyununda uğurlu nəticə qazancağınıza inanırmı?
- Zaur Axundov oyundan sonra da futbolçularla görüşdü. Onlara dedi ki, başınızı aşağı salmayın. Dünən də məşqdə iştirak edib. O da futbolçulara inanır. Biz bu mərhələni keçə bilərik.

- Sabahkı oyunda "Keşlə”nin uğur qazanmasına nə mane ola bilər?
- Bizim qol buraxmağa haqqımız yoxdu. Maksimum müdafiədə sayıq olmalıyıq. 15-ci dəqiqəyə kimi qol olsa, matçda dönüş etmək olar.

- Uğurlu nəticə sizin posta qalmağınıza təkan verə bilərmi?
- O rəhbərliyin qərarıdı. (Report)