Bizim futbol

Maksimov “Keşlə”dən getdi

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov istefa verib.

Dsport.az xəbər verir ki, o, bu barədə azerisport.com saytına açıqlamasında bildirib.

Ukraynalı mütəxəssis istefasına səbəb kimi klub rəhbərliyinin irəli sürdüyü şərtlərin onu qane etməməsini göstərib:

“Keşlə”dən ayrılmağımın Avropa Liqasındakı Malta “Baltsan”ına məğlubiyyətlə heç bir əlaqəsi yoxdu. Biz layiqli oyun sərgilədik, sadəcə, nəticə oyuna görə olmadı. Komandaya uğurlar arzu edirəm. Onların hər birinə əhsən! “Baltsan”la cavab oyununda komandaya kimin rəhbərlik edəcəyini bilmirəm. Çünki artıq orada deyiləm. 

Gedişimin səbəbi? Klub rəhbərliyinin təklif etdiyi şərtlər məni qane etmədi. Biz hələ bir ay öncə yeni müqavilə ilə bağlı danışmışdıq, sadəcə, imzalamaq gecikirdi. Müqaviləsiz çalışmaq isə bir qədər qeyri-ciddi görünürdü. Klub rəhbərliyinin son şərtləri məni qane etmədi”.

Xatırladaq ki, ötən mövsüm komandaya ölkə kubokunu və Avropa Liqasına vəsiqə qazandıran Maksimovun yeni mövsümdə də “Keşlə”də qalacağı bildirilirdi. Lakin paytaxt klubu Avroliqadakı ilk sınağında “Baltsan”la səfər oyununda 1:4 hesabıyla uduzmaqla mərhələ adlamaq şansını azaldıb. Bu komandalar arasındakı cavab görüşü iyulun 19-da Bakıda keçiriləcək.