Bizim futbol

“Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

İyulun 19-da UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq. 

Dsport.az xəbər verir ki, “qırmızı-qaralar” matçın keçiriləcəyi Differdanj şəhərinə bu gün gecə saatlarında yola düşəcək. Sabah səhər Lüksemburqa çatacaq komanda “Hilton” otelində məskunlaşacaq. “Qəbələ”nin səfərdəki ilk məşqi sabah baş tutacaq. Komanda günün ikinci yarısında hazırlıq keçəcək.

“Proqres” - “Qəbələ” matçı öncəsi “qırmızı-qaralar”ın məşqi və baş məşqçi Sənan Qurbanovun mətbuat konfransı keçiriləcək. Qarşılaşmadan bir gün əvvəl - iyulun 18-də Bakı vaxtı ilə 21:00-da 38 yaşlı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 21:30-da isə “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.

Xatırladaq ki, “Proqres” və “Qəbələ” arasında cavab oyunu iyulun 19-da Differdanj şəhər Munisipal stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. “Qəbələ” doğma meydanda baş tutmuş ilk oyunda 0:2 hesabıyla məğlub olub.