Bizim futbol

Dario Frederiko: “Sevilya” “Neftçi”ni gözləyir”

“İlk dəqiqələrdən oyuna yaxşı kökləndik. Qapımızda erkən qol buraxmağımıza baxmayaraq, toplarlanıb vacib qələbə qazandıq”.

Dsport.az xəbər verir ki, bunu "Neftçi”nin yeni transferi Dario Frederiko Bakıda Macarıstan "Uypeşt"inə 3:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. Braziliyalı legioner digər sualları da cavablandırıb:

- Erkən qol buraxdıqdan sonra nə baş verdi ki, toparlanaraq, 3 qol vurmağı bacardınız?
- Gözlənilmədən qol buraxdıq. Ani səhvdən rəqib yararlandı. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, rəqibin boşluqlarından istifadə etdik və qollar vurduq.

- Bəzi epizodlarınızda anlaşmazlıq hiss olunurdu. Komanda hələ tam hazır deyil?
- Hələ tam uyğunlaşdığımızı demək olmaz. Baş məşqçimiz hələ ki, komandanın təməlini qurur. Yeni gələnlər də bu sistemə artıq öyrəşməlidilər.

- 3:1 hesablı qələbə növbəti mərhələyə adlamaq baxımından sizə nə qədər kömək olacaq?
- Əlbəttə, bu, yaxşı nəticədir. Ancaq bu, o demək deyil ki, artıq növbəti mərhələdəyik. Cavab görüşünə ciddi hazırlaşıb, səfərə yaxşı nəticə üçün getməliyik.

- "Uypeşt” Macarıstanda sizə təhlükə yarada biləcək komandadır?
- Əlbəttə. "Uypeşt” evdə oynayacaq. Doğma azarkeşlər önündə çıxış etmək əlavə motivasiya deməkdir. Çünki azarkeşlər onların 12-ci oyunçuları olacaq. "Uypeşt” hər bir rəqibə təhlükə yaratmağı bacarır. Bu üzdən səfərdə baş məşqçinin tapşırıqlarına düzgün əməl etməyə çalışacağıq.

- Sizcə, "Sevilya” "Neftçi”ni gözləyir, yoxsa "Uypeşt”i?
- İlk oyunun nəticəsinə görə, "Neftçi”ni.

- Növbəti rəqibin "Sevilya” olması sizə əlavə motivasiya verir?
- Əlbəttə, hər bir futbolçu "Sevilya” kimi kluba qarşı oynamaq istəyər. Hələ bilmək olmaz ki, "Sevilya” ilə biz qarşılaşacağıq. Növbəti oyunu düşünməliyik. Macarıstanda da yaxşı nəticə ilə döndükdən sonra "Sevilya” barədə fikirləşmək olar. (Sportnet)