Bizim futbol

Fariz Nəcəfov: “Gücümüz çatanı etməyə çalışacağıq”

"Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Lüksemburq "Proqres”i ilə oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Dsport.az həmin müsahibəni təqdim edir:

- Komanda sabah yeni və cavan baş məşqçisi ilə ilk Avropa Liqası matçına çıxacaq. Onun avrokuboklarda təcrübəsiz olması sizdə hər hansı narahatlıq yaratmır?
- Bu barədə heç bir narahatlığımız yoxdur. Komandada bəzi dəyişikliklər olub. Dəyişikliklər həm baş məşqçi, həm də futbolçular baxımından reallaşıb. "Qəbələ”yə yeni cəlb olunan oyunçular da var. Ona görə fərqli olacağını gözləyirik. İstənilən halda potensialımız nəyə çatırsa ona uyğun çıxış etməyə çalışacağıq.
 
- Komandanın kapitanı Cavid Hüseynovun olmamasını ciddi itki hesab etmək olar?
- Kimin olub-olmaması bizdən asılı olmayan səbəbdir. Əlimizdə olan futbolçulardan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Cavid komandanın aparıcı futbolçusudur, həm də kapitanıdır.
 
- İlk oyunda qələbə vacib amildir. Bu matçda hansı nəticəyə ümid edirsiniz?
- Mən proqnoz verməyi xoşlamıram. Oyunun nəticəsi ilə bağlı əvvəlcədən danışmamışam. Amma əsas məsələ odur ki, iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksələn komanda biz olaq. Rəqib ötən mövsüm Şotlandiyanın "Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. Bu qarşılaşmalara maksimum dərəcədə məsuliyyətlə yanaşmalıyıq.

- Komandanın əsas hədəfi Avropa Liqasının qrupuna düşməkdir?
- Biz iki mövsüm ardıcıl olaraq qrupa düşəndə fərqli heyətlərlə mübarizə aparmışıq. Yeni qurulan komanda nadir hallarda uğur qazana bilir. Heyətdə kifayət qədər ciddi dəyişiklər var. Gücümüz nəyə çatsa, onu da etməyə çalışacağıq.
 
- Sabahkı matçda klub prezidenti Taleh Heydərov iştirak edəcəkmi?
- Bu barədə məlumatım yoxdur. Ölkə xaricində idi. Dəqiq bilmirəm. (Sportnet)