Bizim futbol

Ruslan Abışov: “Sevilya” ilə qarşılaşmaq istəyirik”

“Neftçi”nin kapitanı Ruslan Abışov UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstan "Uypeşt”inə qarşı iyulun 12-də Bakıda keçirəcəkləri ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında iştirak edib.

Dsport.az xəbər verir ki, təcrübəli müdafiəçi əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:

- Müəyyən aradan sora ilk oyunumuzu oynayacağıq. Həyəcan var. Yeni baş məşqçimiz var, təzə oyunçular gəlib. "Neftçi” azarkeşləri bizdən daha yaxşı oyun gözləyəcəklər. Yaxşı hazırlıq keçmişik. Zədəli oyunçumuz yoxdur. Meydana kim çıxsa, var gücü ilə kömək edəcək. Rəqibimizin Macarıstanın ən köklü klublarından biri olmasına baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik. Hər bir futbolçu bu rəqibi keçib, "Sevilya” kimi komandaya qarşı oynamaq istəyər.

- Komandanız yeni taktiki sxemdə oynayacaq. 4-3-3 düzülüşünə öyrəşə bilmisiniz?
- Sxem formal xarakter daşıyır. Əsas odur ki, komanda olaraq düzgün müdafiə olunub, yaxşı hücum quraq. Taktiki sxemin o qədər də yoxdur. Hər bir futbolçu 90 dəqiqə ərzində komandaya kömək etsə, heç bir problem olmayacaq.

- Rəqibin üstünlüyü və əsas mənfi halları hansıdır?
- Baş məşqçi ilə danışmışıq, təhlilər gedib. Ancaq sirr olaraq qalsa, yaxşıdır. Bildiyim qədərilə danışdıqlarımız Macarıstan mətbuatında da çıxacaq. 

- "Uypeşt”i keçsəniz, "Sevilya” ilə qarşılaşacaqsınız. Bu sizin motivasiyanızı azaltmır ki?
- İlk oyunlar həmişə çətin olur. İstəyirik ki, sabahkı oyunda yaxşı komanda olduğumuzu göstərib, yaxşı oyun göstərək. Qismət olacaqsa, "Sevilya”ya qarşı oynayarıq. Bu, hər bir futbolçunun karyerasında mühüm hadisə olar.

- Oyuna proqnozunuz?
- Demək çətindir. Amma yaxşı nəticə qazanmaq istəyirik. Sabah qol vurmaq istəyərdim. Fərqlənsəm, qələbə ilə birlikdə ikiqat sevinc olar. (Sportnet)