Bizim futbol

“Neftçi”ni xüsusi təhlil etmişik” - “Sevilya” rəsmisi

“Püşkatmadan sonra rəqibləri təhlil etmişik. Xüsusən də, Azərbaycan klubunu. Çünki bu ölkəyə səfər daha uzundu. Belə bir ehtimal olduğunu bilirdik”.

Dsport.az xəbər verir ki, bunu “Sevilya”nın futbol direktoru Xoakin Kaparros deyib. O, İspaniya mətbuatına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib. Kaparros birinci təsnifat mərhələsindəki potensial rəqibləri “Neftçi” ilə “Uypeşt” arasında keçiriləcək qarşılaşmalarda macarların qələbəsini arzuladıqlarına işarə vurub. Buna səbəb Azərbaycana səfərin uzun olmasıdı.

Futbol direktoru həm Bakıdakı, həm də Budapeştdəki matçı tribunadan izləyəcəklərini söyləyib: “Neftçi” ilə “Uypeşt” arasında keçiriləcək oyunları izləmək üçün həmin ölkələrə gedəcəyik. Bundan sonra növbəti mərhələdəki rəqibimiz barədə daha ətraflı məlumata malik olacağıq. Onlar barədə bildiyimiz hər şeyi texniki heyətə çatdırmışıq”.

Qeyd edək ki, iyulun 12-də “Uypeşt”i qəbul edəcək “Neftçi” bir həftə sonra rəqibinin qonağı olacaq. Bu cütlüyün qalibi II təsnifat mərhələsi çərçivəsində iyulun 26-da və avqustun 2-də “Sevilya” ilə üz-üzə gələcək. (Apasport)