Bizim futbol

“Keşlə”nin Avropa Liqasına hazırlıq planı bəlli oldu

"Keşlə” futbol komandasının Avropa Liqasına hazırlıq planı müəyyənləşib.

Dsport.az xəbər verir ki, bu barədə "Report”a komandanın məşqçisi Zaur İsmayılov bildirib. O, deyib ki, kollektiv iyunun 20-də Bakıda bir araya gələcək. Z.İsmayılovun sözlərinə görə, paytaxtdakı hazırlıq müddətində yoxlama matçı nəzərdə tutulmayıb. 

İyunun 27-də isə paytaxt təmsilçisi Türkiyəyə yollanacaq. Lakin məşqçi qonşu ölkədə toplanış məkanının dəqiqləşmədiyini diqqətə çatdırıb: "İki variant var – Bolu və Kızılcahamam. Ankara bölgəsində olacağımız 10 gün müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Rəqiblər hələki dəqiqləşməyib”.

Qeyd edək ki, "Keşlə” Azərbaycan Kubokunun qalibi olmaqla Avropa Liqasına vəsiqə qazanıb. Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq paytaxt klubu ilk oyununu iyulun 12-də keçirəcək.