Bizim futbol

“Azərbaycanla oyun özümüzü klublarınıza göstərməyimiz üçün yaxşı şans olacaq”

Futbol üzrə Qırğızıstan yığmasının üzvü Pavel Sidorenko Dsport.az saytına müsahibə verib:

- İki gün sonra Azərbaycanla oynayacaqsınız. Bu görüş haqda hansı fikirdəsən?
- Çox maraqlı oyun olacağını düşünürəm. Bizim üçün onsuz da hər oyun vacibdi. Çalışacağıq ki, oyunun daha maraqlı olmasına tövhə verək.

- Bir neçə gündü ki, Bakıdasınız. Paytaxtımızı bəyəndin?
- Bəli, Bakının gözəl şəhər olduğunu bilirdim. Ancaq gəldim və necə gözəl olduğunu gördüm. 

- Necə düşünürsən Bakıda Azərbaycan yığmasına qalib gələ bilərsiz?
- Azərbaycan yığmasının yaxşı komanda olduğunu bilirəm. Amma biz də qələbə üçün oynayacağıq. Azərbaycana qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. 

- Azərbaycan yığması barədə hansı fikirdəsən? Hansı futbolçunu tanıyırsan?
- Azərbaycan yığması çox yaxşı rəqibdi. Sizin millidə çox oyunçunun Çempionlar Liqası təcrübəsi olduğunu bilirəm. Ancaq ad olaraq kimisə tanımıram.

- Azərbaycana uduzmaq sizin üçün normal hesab ediləcək?
- Gücündən asılı olmayaraq istənilən komanda qalib gəlmək istəyir. Biz də qələbə üçün oynayacağıq. Hər bir komanda üçün qələbə vacibdi. Sadəcə, necə alınacağını meydanda görəcəyik.

- Beş il əvvəl millilərimiz qarşı-qarşıya gəlmişdi və oyun 0:0 bitmişdi. Bu oyunu xatırlayırsan?
- Düzünü desəm, həmin oyunu çox pis xatırlayıram. Beş il əvvəlki görüşdə oynamamışdım. Ancaq izləyirdim, sadəcə, pis xatırlayıram matçı.

- Bu matç qırğızıstanlı oyunçuların özünü Azərbaycan klublarına göstərməsi üçün yaxşı şans sayıla bilər?
- Elədi ki var. Əslində hər bir oyun özünü göstərməyin üçün əla şansdı. Azərbaycanla görüş də özümüzü göstərməyimiz üçün yaxşı şans olacaq.