Bizim futbol

“Karyeramı Azərbaycanda davam etdirmək barədə düşünməmişəm”

Millimizin formasını geyinmiş, hazırda "Duysburq"da çıxış edən Tuğrul Erat Dsport.az saytına müsahibə verib:

- Hazırkı komandandan ayrılırsan?
- Ola bilər ki, ayrıldım. İndidən dəqiq bir söz də deyə bilmərəm. Amma belə bir variant mümkündü.

- “Duysburq”da son vaxtlar demək olar ki, oynamırdın. Bu, nə ilə bağlı idi?
- İdmançı karyerasında belə şeylər olur. Sadəcə, öz vaxtını gözləməlisən. Mən də belə etdim.

- Uzun müddətdi ki, Azərbaycan yığmasına da çağırılmırsan. Bunu nə ilə əlaqələndirirsən?
- Stabil olaraq klubunda oynamalısan ki, milliyə də cəlb ediləsən. Yəqin ki, klubumda oynamıram deyə belə oldu. Ancaq klubda daima oynasam, milliyə dəvət olunaram.

- Ümumiyyətlə, Azərbaycan yığmasının çıxışını izləyirsən?
- Bəli, izləyirəm. 

- Millimiz Millətlər Liqasında Farer adaları, Malta və Kosova ilə eyni qrupdadı. Səncə, bu qrupu lider kimi tamamlaya bilərik?
- Rəqiblər də yaxşıdı. Zəif olduqlarını düşünmürəm. Amça futbolda istənilən nəticə baş verə bilər. Azərbaycan millisinə uğurlar arzu edirəm.

- Qurban Qurbanovun səni nə vaxtsa milliyə dəvət edəcəyinə necə, inamın var?
- Qurban Qurbanovun yaxşı məşqçi olduğunu bilirəm. Bayaq dediyim kimi, klubumda stabil olaraq oynasam, milliyə də cəlb edilərəm.

- Karyeranı Azərbaycanda davam etdirməyə necə baxırsan?
- Bu barədə düşünməmişəm. Qismətdi, hər şey ola bilər.